Kamran Əliyevə müraciət: "Aksiyada saxlanılan gəncə işgəncə verilib"
25-07-2022 02:30 / Bu xəbər 1429 dəfə oxundu
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" iyulun 20-də "Quru sərhədləri açın!" tələbi ilə keçirilən aksiyada saxlanılaraq 30 sutka həbs cəzası alan müsavatçı Əziz Məmiyevlə bağlı Baş prokuror Kamran Əliyevə müraciət edib.
Müraciətdə bildirilir ki, fəala qarşı zorakılıq edilib. polis əməkdaşları ona işgəncə verib: "20 iyul 2022-ci il tarixində Nazirlər Kabinetinin qarşısında "Quru sərhədləri açın!” tələbi ilə keçirilən aksiyada Müsavat Partiyasının üzvü, siyasi fəal Əziz Məmiyev iştirak edən zaman polis əməkdaşları tərəfindən kobudcasına saxlanılaraq 41-ci polis bölməsinə aparılib. Polis Bölməsinə aparılan zaman o işgəncə hallarına məruz qalmış və ona xəsarət yetirilib. Hazırda yetirilmiş xəsarətlərin izləridə var. Bu barədə hazırda Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan Əziz Məmiyevin vəkili Osman Kazımov onunla təcridxanada görüşəndən sonra ictimaiyyəti məlumatlandırıb".
Təşkilat bildirib ki, Əziz Məmiyev Konstitusiyanın 49-cu və ölkənin qoşulduğu digər beynəlxalq sənədlərin vətəndaşlara verdiyi hüquqa əsasən aksiyada iştirak edib: "Heç bir hüquqazidd hərəkət etmədiyi halda, polis əməkdaşları tərəfindən tərtib edilmiş qanunsuz inzibati protokola əsasən ona Binəqədi rayon Məhkəməsi tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə 1 aylıq inzibati həbs cəzası verilib".
"Cənab Baş prokuror, yuxarıda qeyd olunanları nəzərə alaraq, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq xahiş edirik ki, Əziz Məmiyevə saxlanılan zaman işgəncə vermiş polis əməkdaşlarının müəyyən olunması və onların qanuna müvafiq olaraq cəzalandırılması barədə aidiyyəti orqanlara göstəriş verəsiniz", - deyə təşkilat qeyd edib.
Əziz Məmiyev iyulun 20-də Nazirlər Kabinetinin qarşısında ölkənin quru sərhədlərinin açılması tələbilə keçirilən aksiyada saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsində 30 sutkalıq həbs qərarı çıxarılıb.
Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə inzibati xəta protokolu tərtib edilib.
Əziz Məmiyev saxlandıqdan sonra Post-Patrul Xidmətinin avtomobilində aksiyada digər saxlanılanlarla birlikdə aparılarkən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntülərdə siyasi fəal polislərin aksiya iştirakçılarına qarşı elədiklərini tənqid edir: "Siz qul, köləsiz. Saxta insanlara bizi söydürürsünüz. Vaxt gələcək siz imdad diləyəcəksiniz. Bu, nə yaşayışdır siz yaşayırsız?”
Əziz Məmiyevin bu fikirlərinə görə cəzalandırıldığı ehtimal edilir.
O, Müsavat Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin üzvüdür.