Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib
28-04-2023 13:25 / Bu xəbər 1284 dəfə oxundu
"Dağlıq Qarabağ nümayəndələri və Azərbaycan hakimiyyəti arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə əhalinin hüquq və zəmanətlərinin məzmununa dair danışıqlar başlamasını istəyirik. Bu, o deməkdir ki, bu danışıqlar üçün əlverişli şərait yaradılmalıdır, həmçinin Laçın dəhlizindən sərbəst hərəkət bərpa edilməlidir".
Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Katrin Kolonna "Armenpress"ə deyib.
"Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlayaraq, orada təhlükəsiz yaşamağa davam edə bilməsini təmin edəcək istənilən qərarı dəstəkləyəcək. Bu, onun toxunulmaz hüququdur", - deyə o bildirib.
Kolonna həmçinin Parisin Bakının Laçın dəhlizindən maneəsiz hərəkəti təmin etməli olduğu və Beynəlxalq Məhkəmənin bu haqda qərarının icrasının məcburi olduğu haqqında fikrini təkrar edib.
Bu gün Fransa XİN başçısı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müşayiəti ilə Cermuk şəhərinə, 2022-ci ilin sentyabrında döyüşlərin baş verdiyi yerə gəlib.
Bundan başqa, Kolonna Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçilər missiyasının fəaliyyəti ilə tanış olub.












