Kağıza sığmayan dəyərlər...

Kağıza sığmayan dəyərlər...

14-06-2019 15:47 / Bu xəbər 372 dəfə oxundu

Nigar Adil

Azərbaycanlı qadına görə, onu tərk edən insan edama məhkum olmalıdır, çünki  onu kimsə tərk edə bilməz, etməməlidir. Qarşı tərəf də mütləq onun kimi düşünməli, onun kimi "fədakar" olmalıdır.

Burada fədakar sözü məhz dırnaqda yazılmalıdır...

Əslində isə tərk edilmək dünyanın və həyatın sonu deyil,  özünü yenidən kəşf etmən, özünəgüvənməyin, bundan sonrakı qərarlarında özünəəminliyin, həyatı yenidən sevməyin, yenidən sevilməyindir...

Yəni sənə dəyər verməyən bir insandan qurtulmağın sevincini yaşamaq varkən, bunu necə  faciəyəyə çevirmək olar?!

İki insanın bir yerdə yaşaması mümkünsüz olanda, tərəflərdən biri, əlbəttə ki, seçim etməli və getməlidir.

Əksər azərbaycanlı qadınların beynində ayrıldığı kişinin sonrakı həyatı təxminən belə xarakterizə olunur: Allah bəlasını verməli, "bomj" həyatı sürməli, bütün çevrələrdən dışlanmalı, "alçaq ata" obrazı kimi tanınmalı, ən yaxşı halda isə ona və uşaqlarına möhtac olub yalvarmalı, bağışlanmağını diləməlidir...

Kimsə inciməsin, bir çox qadın məhz belə düşünür.  

Ömürlərini türk seriallarına qurban verən qadınlar nədənsə, orada tez-tez işlənən "zorla gözəllik olmur" ifadəsini duymurlar. Bəlkə də, duymaq istəmirlər. Çünki cahil eqoları buna mane olur.

Burada "başa düşmürlər" yox, məhz "duymurlar" ifadəsini boşuna işlətmədim. Çünki qadın hər şeydən öncə hiss etməli, duymalıdır: həyatı da, münasibətləri də...

Tipik azərbaycanlı qadın üçün uşaq hər zaman soyuq və odlu silah olub. Lazım bildiyi məqamlarda bu silahdan amansızca istifadə edir.

Belə planlar üzərində baş sındırmaq əvəzinə, özlərini və övladlarını kindən, nifrətdən uzaq tutsalar, öz ayaqları üzərində dayanmağı bacarsalar daha yaxşı olar və Azərbaycan qadınının dəyanətini nümunəyə çevirə bilərlər...

Bizim cəmiyyətdə, təəssüf ki, hər məqamda sənəd -sübut insandan, mənəvi dəyərlərdən önə çıxır. Məsələn, iki insan bir-birini sevirsə və bu sevgini qarşı tərəfə inandırmaq üçün mütləq üfüqdə nikah şəhadətnaməsi olmalıdır. Xanım yalnız bu halda qarşı tərəfin onu sevdiyinə inanacaq. Əks halda ona qarşı olunan hansısa diqqət, qayğı, sevgi bir müddətdən sonra cavabsız qalacaq.

Məlum, ata hər zaman ana kimi övladı düşünməyə bilər. Amma ata övladına varlığını hiss elətdirirsə burada sənəd də, pul da sonuncu yerdədir. Heç bir yerdə işləməyən ata qonorar aldığı gün övladını unutmursa, dostlarının dəstəyi ilə hərbi xidmətdəki övladının yanında olursa, övladlarının təhsilli maddi imkanı çatdığı qədər dəstək olursa,  burada sənədi, sübutu düşünənlər adamı qorxudur...

Bir də başqa ata modeli ilə tanış olun: həftədə bir dəfə uşağını görmə şansı olur  və həmin günə iş salan ataya uşaq sual verir:
  • Ata, sənin üçün iş vacibdir, yoxsa bizi görmək?
  • Əlbəttə, iş.
Bir də bu cavabın travması ilə yaşayan uşağı düşünün və ondan sonra keçmiş həyat yoldaşınızın övladı ilə olan mənəvi sevgini, bağı götür-qoy edin...

Bəli, ata-ana olmaq evcik-evcik oynuna bənzəmir.

Ona görə də hər hansısa sənədi, kağız parçasını dəyərlərlərdən üstün tutanlar cəmiyyətə yükdür...

olaylar.az