Keçmiş briqada komandiri Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirilir

Keçmiş briqada komandiri Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirilir

09-11-2024 17:36 / Bu xəbər 518 dəfə oxundu

Keçmiş briqada komandiri Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirib. 

Azərbaycan Talışları İctimai Şurasının (ATİŞ) üzvü, ehtiyatda olan polkovnik Mikayıl Hacıyev noyabrın 7-də Bakıdan Yekaterinburqa gedə bilməyib. 

Bu barədə Turan Agentliyinə o özü bildirib.

Hacıyevin sözlərinə görə, sərhəd nəzarət məntəqəsindən əvvəlcə onu buraxıblar, sonra isə geri qaytarıblar və Azərbaycan DİN tərəfindən ölkədən çıxışına "stop" qoyulduğu bildirilib.

Hacıyevə açıqlama üçün qeydiyyat ünvanı üzrə, yəni Lənkəranda polis orqanlarına müraciət etməyi təklif ediblər.

Hacıyev deyib ki, noyabrın 8-də - bu gün polis bölməsinə və DİN-ə zəng edib, lakin qadağanın səbəblərini öyrənə bilməyib. Əksinə, ona barəsində məhdudiyyət tətbiq edilmədiyi deyilib. 

DİN-dən şərh almaq mümkün olmayıb.

Hacıyev Birinci Qarabağ müharibəsinin iştirakçısı və ikinci qrup əlildir. 

Polkovnik 704-cü briqadanın komandiri olub. 

1993-cü ildə "Talış Muğan Respublikası" haqqında iş üzrə həbs edilib və 15 il  müddətinə azadlıqdan məhrum edilib, 2004-cü ildə əfv olunub.

Hacıyev Azərbaycan və Rusiya vətəndaşlığına malikdir və son illər müəyyən dövrlərdə hər iki ölkədə yaşayır. 

Bir neçə ay əvvəl doğma Vətəninə - Lənkəran rayonunun Xolmili kəndinə gəlmişdi, sonra isə müalicə üçün ABŞ-a gedib. 

İki həftə əvvəl Hacıyev Lənkərana qayıdıb və talış fəallara izlənildiyini bildirib. 

Hacıyev dövlətə xəyanət, etnik ədavəti qızışdırma və dövlət əleyhinə çağırışlarda ittiham edilərək həbs edilmiş talış tədqiqatçı İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin də üzvüdür.