Keçmiş daxili işlər və təhsil nazirləri tutulub

Keçmiş daxili işlər və təhsil nazirləri tutulub

09-03-2021 14:39 / Bu xəbər 1991 dəfə oxundu

Başqa bir keçmiş nazir də saxlanıb

Naxçıvan Muxtar Respublikasında (MR) başqa bir keçmiş nazirin də saxlandığı bildirilir.

Söhbət Naxçıvan MR-nın keçmiş təhsil naziri Məmməd Qəribovdan gedir.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.

M.Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb. 

Onun konkret nədə ittiham edildiyi açıqlanmır.

Bu məlumata, hələlik, keçmiş nazirin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Naxçıvanın keçmiş daxili işlər naziri həbs olunub

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov həbs edilib.

Bununla bağlı məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən "AzadlıqRadiosu"na da təsdiq ediblər.

Bir sıra mətbu orqanlarında Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanması və onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumatlar yayılıb. Amma bu məlumatlara, hələlik, Ə.Əhmədovun vəkili və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Ə.Əhmədov 2017-ci ildə nazir vəzifəsindən azad edilmişdi.

Əhməd Əhmədov kimdir?

Ə.Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində doğulub. 1996-cı ildə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasını bitirib. 

O, 1997-ci ildə Naxçıvan MR DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib. 

2000-ci il iyunun 16-da isə Naxçıvan MR daxili işlər naziri postuna gətirilib.

İşlədiyi müddətdə adı bir çox hallarda insan hüquqlarının pozulması və müxalifətçilərə işgəncə verilməsində hallanıb, amma həmin vaxt belə məlumatlar heç vaxt rəsmi təsdiqini tapmayıb. 

Azərbaycan rəsmi qurumları saxlanma yerləri və təcridxanalarda insanlara işgəncə verilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edirlər.