Keçmiş diplomat 4 ay müddətinə həbs edilib

Keçmiş diplomat 4 ay müddətinə həbs edilib

25-07-2024 21:45 / Bu xəbər 757 dəfə oxundu

Nizami Rayon Məhkəməsi keçmiş diplomat Emin İbrahimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Bu barədə "Turan"a vəkil Aqil Layıc bildirib.

Məhkəmə İbrahimovun Şüvəlan İstintaq Təcridxanasında saxlanılmasını qərara alıb.

Emin İbrahimov ona qarşı irəli sürülən ittihamları rədd edib. 

"Bu ölkədə qanun və hüquq yoxdur", - deyən Emin İbrahimov əsassız cinayət təqibinə etiraz olaraq aclıq elan edib.

Keçmiş diplomat Cinayət Məcəlləsinin iki maddəsilə ittiham olunub.

Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-ci (xuliqanlıq) maddələrilə ittiham elan edilib. 

"Emin hadisəni belə təsvir edir: "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında mənzilinin təmiri ilə bağlı evinə gedərkən tanımadığı adam ona hücum çəkib və paltarını cırmağa başlayıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinin  24-cü polis bölməsinə aparılıb. Özü qeyd edir ki, onu izləyiblər və bu qeyd olunan "cinayət” qondarmadır və onun tənqidi mövqeyi ilə bağlıdır”, - vəkil qeyd edib.

Emin İbrahimov iyulun 22-də saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti İbrahimovun bıçaq xəsarəti yetirdiyinə görə saxlanıldığını bildirib. 

Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. 

2005-ci ildə Ankara Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.

2007- 2020-ci illərdə diplomatik xidmətdə olub.

2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Uruqvayda müvəqqəti işlər vəkili olub.

2020-ci il parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq diplomatik xidmətdən istefa verib. Bundan sonra analitik işlərlə məşğul olub, KİV və sosial şəbəkələrdə şərhlərlə çıxış edib.

O, Qərblə münasibətlərin pisləşməsinə, Rusiya və digər avtoritar dövlətlərlə yaxınlaşmasına görə  hakimiyyəti kəskin tənqid edib.

2023-cü ilin sentyabrında Emin İbrahimov "Rusiyanın əlinə oynayan siyasət" adlı məqalənin dərcinə görə inzibati qaydada 30 sutka həbs edilib.