Keçmiş diplomat Emin İbrahimov saxlanılıb

Keçmiş diplomat Emin İbrahimov saxlanılıb

22-07-2024 23:45 / Bu xəbər 812 dəfə oxundu

Keçmiş diplomat, fəal Emin İbrahimov bu gün, iyulun 23-də saxlanıb.

Yaxınlarının bildirdiyinə görə, axşam saatlarında Emin İbrahimov zəng edərək Nizami Polis İdarəsində olduğunu deyib: "Dedi ki, onu saxlayıblar. Güya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu söylədi".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də Emin İbrahimovun saxlanması ilə bağlı məlumatı təsdiqləyiblər.

Xidmətdən "Turan”a bildirilib ki, 1981-ci il təvəllüdlü Emin İbrahimovla 1987-ci il təvəllüdlü bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb: "Nəticədə Emin İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır".

Emin İbrahimov Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində və başqa qurumlarda çalışıb.

O, ötən il, sentyabrın 20-də də saxlanmışdı. 

E. İbrahimov onda "ziyanlı informasiya yaymaqda” ittiham olunaraq 30 sutkalıq həbs olunmuşdu.

Yaxınları isə onun həbsini müharibə əleyhinə statuslar yazması ilə əlaqələndirmişdilər.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. 

Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.