Keçmiş hakim həbs olunub

Keçmiş hakim həbs olunub

26-07-2022 15:43 / Bu xəbər 737 dəfə oxundu

Cinayət işinin İlyas Mahmudovun hakimlik etdiyi dövrdəki fəaliyyətilə bağlı olduğu deyilir

Fəaliyyətindəki pozuntular əsas gətirilərək, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudov həbs olunub. 

O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilir. 

Prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsində iki gün öncə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Meydan TV-yə məlumat verən mənbə bildirib ki, cinayət işi İlyas Mahmudovun hakim olduğu dövrdəki fəaliyyətilə bağlıdır. 

O, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunur.

"Bu cinayət işi üzrə araşdırmalar 2019-cu ildən gedir. Hələ hakim olduğu dövrdə Məhkəmə-Hüquq Şurasına ondan çoxsaylı şikayətlər edilib. Bunun əsasında da onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Məhkəmə-Hüquq Şurası prezidentə təqdimat verib. O, xeyli müddətdir istintaqa cəlb edilmişdi”, – mənbə bildirib.

İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 

1993 –1998-ci illərdə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, qanunçuluğun sistemləşdirilməsi və tətbiqi şöbəsində məsləhətçi, 1998 – 2001-ci illərdə Ali Məhkəmənin Plenumu və Rəyasət Heyətinin Katibliyində baş məsləhətçi, 2001 – 2006-cı illərdə Ali Məhkəmənin Qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2006 – 2007-cı illərdə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri, 2007 – 2008-ci illərdə isə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini olub.