Keçmiş hərbi komissara 8 il 6 ay həbs cəzası verildi

Keçmiş hərbi komissara 8 il 6 ay həbs cəzası verildi

10-09-2024 18:34 / Bu xəbər 845 dəfə oxundu

Rahim Ağayev özünü təqsirli bilməyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

Hakim Rafiq Abbasovun sədrliyilə çıxarılan hökmə əsasən, polkovnik-leytenant Rahim Ağayev Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinib.

İttihama görə, hərbi xidmətə çağırılan gəncin yararsız hesab edilməsinə köməklik göstərmək üçün 8 min manat pul istəyib, son nəticədə 5 min manat alıb. Lakin Rahim Ağayev bu ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

Onun özü də, vəkili də məhkəmədə bildirib ki, həbsindən sonra ailəsi acınacaqlı vəziyyətə düşüb.

Əməliyyat keçirilən gündən qorxudan 9 yaşlı övladının dili tutulub və danışmır.

Həbsindən sonra həyat yoldaşı infarkt keçirib.

Məhkəmə prosesinin gedişində bir neçə dəfə Rahim Ağayevin ev dustaqlığına buraxılması istənilsə də, bu barədə vəsatətlər təmin olunmayıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, keçmiş hərbi komissar ona verilmiş 8 il 6 aylıq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Rahim Ağayev 2023-cü ilin iyulunda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.