Keçmiş nazirin həbsdən çıxmaq istəyinə “yox” deyildi

Keçmiş nazirin həbsdən çıxmaq istəyinə “yox” deyildi

16-02-2021 18:16 / Bu xəbər 1626 dəfə oxundu

Məhkəmənin qərarı qüvvədə qaldı

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov haqqındakı həbs qərarından şikayət verib. 

Sabiq nazirin vəkili apelyasiya şikayətində onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Şikayətə fevralın 15-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. 

Məhkəmədə keçmiş nazirin özü də iştirak edib və istintaq dövründə azadlıqda qalmasını istəyib.

Vəkili isə çıxışında müvəkkili haqqında Səbail Rayon Məhkəməsində çıxarılmış həbs qərarının ləğvini istəyib. 

Müdafiəçi deyib ki, Səlim Müslümov həbsdə saxlanmadan da istintaq aparılması mümkündür. Onun istintaqdan qaçıb gizlənmək, prosesin gedişinə, şahidlərə təsir göstərmək niyyəti və imkanı yoxdur. Vəkil keçmiş nazirin ev dustaqlığına buraxılmasını xahiş edib.

Keçmiş nazirin işi üzrə araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılır. DTX-nın müstəntiqi apelyasiya şikayətinin təmin olunmamasını istəyib. Səlim Müslümovun ağır cinayətdə ittiham olunduğunu vurğulayan müstəntiq bildirib ki, istintaqın hərtərıfli aparılması baxımından onun azadlıqda qalması məqsədəuyğun deyil.

Məhkəmə keçmiş nazirin apelyasiya şikayətini təmin etməyib. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda qərar qüvvədə saxlanıb.

60 yaşlı Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, ondan əvvəl 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, daha öncə - 2000-2002-ci illərdə isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

O, əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.

Keçmiş nazirə ittiham verilən maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.///meydan.tv