Keçmiş NİDA-çılara bəraət verildi

Keçmiş NİDA-çılara bəraət verildi

30-09-2022 22:37 / Bu xəbər 1009 dəfə oxundu

Ali Məhkəmə Məmməd Əzizovla Şahin Novruzlunun barəsində qərarını açıqladı

Nida Vətəndaş Hərəkatının keçmiş üzvləri, 2013-cü ildə "Molotov kokteyli” hazırlama və kütləvi iğtişaşlar planlaşdırma ittihamıyla həbs edilən Şahin Novruzlu və Məmməd Əzizova Ali Məhkəmə 9 il sonra bəraət verib.

Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin adları çəkilən fəallarla bağlı qərarı əsasında onların işinə baxıb. 

Avropa Məhkəməsi 2021-ci ildə onlar haqqında qərarında belə nəticəyə gəlib ki, Şahin Novruzlu və Məmməd Əzizovun həbsi əsassız olub. Onlar siyasi motivlərlə cəzalandırılıb.

"Məhkəmə düşünür ki, Əzizov və Novruzluya cinayət təqibinin başlanılması, barələrində həbs tədbirinin seçilməsi, məhz əsgər ölümləri ilə əlaqədar hökumətə qarşı keçirilən nümayişlərdə fəal iştirak etdiklərinə görə NİDA üzvlərini cəzalandırmaq və susdurmaq məqsədi daşıyıb”, – Avropa Məhkəməsinin qərarı belə olub.

Avropa Məhkəməsi hər iki fəala münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozulduğunu təsdiqləyib. 

Məmməd Əzizova mənəvi ziyana görə 20 min avro, hüquqi xərclərə görə 1500 avro, Şahin Novruzluya mənəvi ziyana görə 20 min avro, hüquqi məsrəflərə görə 2 min avro kompensasiya ödənilməsinə qərar verib.

Məmməd Əzizovun vəkili Fariz Namazlı Meydan TV-yə bildirib ki, Avropa Məhkəməsinin qərarından sonra üç dəfə Ali Məhkəməyə müraciət edərək, müvəkkilinin işinə yenidən baxılmasını istəmişdi. 

Vəkilin sözlərinə görə, sentyabrın 30-da onunla Ali Məhkəmədən əlaqə saxlayıb, Avropa Məhkəməsinin qərarı əsasında Məmməd Əzizov və Şahin Novruzlunun işinə yeni açılmış hal üzrə Plenumda yenidən baxıldığı, onlar haqqında ittiham hökmünün ləğv olunduğu, cinayət işinə bəraətverici əsaslarla xitam verildiyi bildirilib.

Bundan öncə eyni qaydada – Avropa Məhkəməsinin qərarı əsasında işinə yenidən baxılıb, bəraətverici əsaslarla xitam verilən şəxslərə əsassız həbsdə saxlanmalarına görə Ali Məhkəmənin Plenumu tərəfindən həm də kompensasiya ödənilməsinə qərar verilmişdi. Məsələn, ReAL Partiyasının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Rəsul Cəfərov və s.

"Ali Məhkəmənin mənə məlumat verən əməkdaşından kompensasiya məsələsini də soruşdum. Bu barədə məlumatı olmadığını bildirdi. Qərarı alandan sonra bunu dəqiq biləcəyik”, – Fariz Namazlı bildirib.

Məmməd Əzizov və Şahin Novruzlu 2013-cü ilin martında "Əsgər ölümlərinə son!” aksiyası öncəsi həbs edilib. Onlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin binasında işgəncələrə məruz qaldıqlarını bildirmişdilər. Şahin Novruzlu həbs olunarkən 16 yaşı tamam olmamışdı.

Onlarla yanaşı, o zaman NİDA-nın İdarə Heyətinin üzvü olan Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov və Üzeyir Məmmədli, İlkin Rüstəmzadə və Bəxtiyar Məmmədov da həbs olunmuşdu. 

2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar sonradan əfv sərəncamı ilə azadlığa buraxıldılar.

Avropa Məhkəməsi Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə münasibətdə də eyni qərarı qəbul edib. 

Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında onların da işinə yenidən baxıb, ittiham hökmünü ləğv edib və bəraətverici əsaslarla cinayət işinə xitam verilib.(Meydan TV)