Kəmaləddin Heydərov icra başçısından belə qisas alır

Kəmaləddin Heydərov icra başçısından belə qisas alır

11-06-2015 02:03 / Bu xəbər 2669 dəfə oxundu

Üzeyir Cəfərov

 
 
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakıda Binəqədi rayonunda tikilməkdə olan binada uçqun baş verməsi barədə yayılan xəbərlərə münasibətindən sonra qərara gəldim ki, bu haqda mütləq fikrimi açıqlayım. Söhbət Azərbaycan hakimiyyətində təmsil olunan bəzi məmurların biri-biri ilə didişməsindən, intiriqa aparmasından və ən dəhşətlisi isə xəyanətindən, öz xalqına hörmətsizliyindən, bəzən isə yersiz yekəxanalığından gedir. Axı bu qədər də olmaz. Özü də çox maraqlıdır ki, biri-biri ilə bəzən açıq, bəzən də gizli mübarizə aparan "toplu-tüfəngli" məmurların gücləri yalnız və yalnız səlahiyyətsiz vətəndaş(lar)a çatır.

Baxın, FHN Binəqədi rayonunda tikilməkdə olan binanın ikinci mərtəbəsində işlər başa çatandan sonra yalnız indi "öz vəzifə borclarını", Bakının "1 nömrəli əsas problemi"ni yada salıb. Özü də, fiziki şəxs olan qadın sakin – Abdullayeva Aynur Zaman qızının adına olan fərdi yaşayış evi məhz iki iri çaplı dövlət məmurunun intriqalarının qurbanı oldu. Məhz intriqasının və biri digərini "onu baqaja qoymasına" görə cəzalandırması mexanizmi kimi. Dünən o söküntü işləri axşamçağı mənim gözümün önündə, özü də xeyli sayda polis əməkdaşlarının iştrakı ilə həyata keçirilirdi. Ərazi "Azadlıq prospekti" metrosunun iki addımlığında, həm də nəqliyyatın intensiv hərəkət etdiyi küçədə olduğundan, o qədər insan toplaşmışdı ki, iynə atsaydın, yerə düşməzdi. Məgər hörmətli FHN-nin və Bakı şəhər İcra Hakimiyyətinin işçiləri dünənə kimi guya Aynur Abdullayevaya məxsus iki mərtəbəli yarımçıq tikilininın aparılmasından xəbərləri yox idi? Var idi, özü də, çox yaxşı bilirdilər bunu. Kimə hansı "sənəd" lazımdır göstərilmişdi də, verilmişdi də...Yəqin ki, mənim nəyi nəzərdə tutduğumu Azərbaycan reallıqlarını dərindən anlayan dostlarımız yaxşı anlayırlar...O bina orada rəsmi icazə və dövlət strukturları, Bakı şəhərinin, Binəqədi RİH-nin, o cümlədən də FHN-nin cavabdeh şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş sənədlər əsasında xeyli vaxt idi ki, tikilirdi. Baxmayaraq ki, ərazidə yaşayan sakinlərin çoxu birinci gündən çox böyük narazılıqlar və şikayətlər edir, DİN, FHN və digər qurumlardan cavab tələb edirdilər. Onları eşidən və səslərinə səs verən tapılmırdı. Əgər o məlum 19 may bina faciəsi olmasaydı. Bəli, bəli, məhz tarixi faciə və orada Binəqədi RİH-nin başçısı hörmətli Xaləddin İskəndərov baş vermiş faciəyə görə FHN-nin müvafiq qurumlarını da o lənətə gəlmiş üzlüklərin istifadəsinə görə icazə verdiklərinə görə günahlandırmasaydı... İndi FHN-nin rəhbərliyi faktiki olaraq çox mədəni şəkildə Binəqədinin icra strukturlarını, rəhbər şəxslərini "cəzalandırılar". Özü də, bunu elə edirlər ki, "zərbə" sadə vətəndaşa dəyir. İndi baş tutmamış tikintiyə görə vətəndaş çox böyük ehtimalla ona dəymiş öz ziyana görə pulunu və digər ödənişləri FHN-dən deyil, bu işə razılıq verən rayon yetkililərindən - icra başçısından və bu işdə "əməyi" olanlardan istəyəcək.

Mən bu misalı gətirməklə əslində diqqəti tamam başqa bir vacib məsələyə yönəltmək istəyirdim. Sabiq müdafiə naziri Səfər Əbiyev vəzifəsindən kənarlaşdırıldıqdan dərhal sonra onunla bərabər xidmət keçmiş bir çox zabit və gizirləri, hətta generalların "qara günləri" başladı. Əlinə fürsət düşmüş indiki nazir general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cütlüyü, onların ətrafında olan "bərkgedən" şəxslər dünənə kimi S.Əbiyev dönəmində yuxarı vəzifələrdə oturmuş xeyli sayda insanı "kadr siyasəti" adı altında sıradan çıxardıb, "məhv ediblər" Kimisini vəzifədən uzaqlaşdırıblar, kimisini ordu sıralarından tərxis ediblər... Bir çoxlarını isə bu günə kimi də, hələ də ora-bura dartışdırırlar. İş o yerə çatıb ki, bu günlərdə tanınmış generallardan biri mayor rütbəsində olan zabiti yuxarı komandanlığa, ölkə başçısına müraciət yazdığına görə yanına çağırıb ona fiziki təzyiq göstərərək "kəllə atıb", təhqir edib. Səlahiyyət sahiblərindən biri isə bu günə kimi, hələ də "eksperimentlər" həyata keçirir. Səfər Əbiyevin imzası ilə yaradılmış hərbi hissə və bölmələr ləğv edilir, əvəzində heç bir köklü fərq olmayan yeni hərbi hissə və ya qoşun birləşməsi "formalaşdırılır". İnanın ki, bu gün Müdafiə Nazirliyində olan şişirdilmiş ştat vahidləri sadəcə adamda çox böyük təəssüflər və təəccüblər oyadır. Özü də bu iş hələ də "davam etdirilir". Bir də, axı zabit fərd olaraq kimlərəsə deyil, Vətəninə, dövlətinə sədaqətlə xidmət edən dövlət qulluqçusudur. Ona qətiyyən qanundan və Nizamnamədən kənar münasibət yolverilməzdir və belə hallara qarşı son dərəcə qəti mubarizə aparılmalıdır. Özbaşınalığa və qanunsuzluğa yol verən şəxslər bunu unutmamalı və ən pis halda bunun hansı fəsadlara yol açdığının fərqində olmalıdırlar.

Dövlət məmurları, generallar əgər biri digəri ilə bu və ya digər formada qanunlar çərçivəsində deyil, başqa dillə "danışır" və ya "rəftar" edirlərsə, bu əsla adi vətəndaşa və ya hərbçiyə zərrə qədər təsir etməməlidir. Görünən isə odur ki, hələlik bəzi məmurlar, generallar Azərbaycan adlı dövlətin vəzifəli şəxsləri olmasını nədənsə unudur və bu da insanlar arasında, xüsusən də çox çətin şəraitdə xidmət keçən hərbçilər arasında haqlı narazılıqlara gətirib çıxarır. Dövlət başçısı dəfələrlə vurgulayıb ki, onun vəzifələrə təyin etdiyi şəxslər insanların xidmətçisi olmalı və bütün fəaliyyəti dövründə yalnız və yalnız vətəndaşlarımıza ən yüksək şəkildə xidmət göstərməlidirlər. Bu sözlər təkcə mülki vəzifədə olanlara deyil, eyni zamanda hərbi xidmətdə vəzifədə olan rəhbər şəxslərə - general və polkovniklərə da aiddir və birmənalı şəkildə Ali Baş Komandan tərəfindən verilmiş əmr kimi qəbul olunmalıdır.

Təəssüflər olsun ki, bəzi dövlət qurumlarında, xüsusən də güc strukturlarında xidmət keçən vəzifəli şəxslər özlərini qanunlar çərçivəsində deyil, qanundan kənar sayır və davranışlarında dövlət adamı və ya əsl general, rəhbər şəxs kimi deyil, az qala "lotu" kimi aparırlar.

Azərbaycan çox balaca bir dövlətdir. Allah bizə hər şeyi verib. Yerüstü və yeraltı sərvətlərimizlə bərabər son dərəcə tərbiyyəli, qanacaqlı İnsanlarımız da az deyil. Təəssüf hissimi dilə gətirərək onu qeyd edirəm ki, bəzi məmurlara şəxsən mən qətiyyən güvənmir və hətta onların strateji vəzifələrdə uzun müddət saxlanmalarını çox təhlükəli sayıram. İnanın mənim səmimiyyətimə ki, bu adicə quru söz deyil. Bu fikirlərimin arxasında çox dərin məna dayanır. Onlar dövləti maraqları deyil, şəxsi maddi maraqları naminə bütöv bir məmləkəti və xalqı istənilən təhlükə ilə üz-üzə buraxıb xəyanət yolunu da tuta bilərlər. Necə ki, son vaxtlar baş vermiş çoxsaylı hadisələr - banklardan yoxa çıxmış milyonlarla pul vəsaitindən tutmuş, adi bir binada baş verən facəyəyə görə məmurların biri-biri ilə haqq-hesab çəkmələri.

Sonda çox da bədbin notlara köklənmək istəməzdim həm özümü, həm də dəyərli dostlarımı. Varlığım qədər inanıram ki, artıq çox məsələlərdə dəyişiklik var və gec-tez biz çox müsbət işlərin şahidi olacağıq. Mənə elə gəlir ki, bəzi məmurların, generalların "qanı arasına" Birinci Avropa Oyunları girdi. İnşallah çox yaxın vaxtlarda, biz dövlət rəhbərliyinin atacağı lazımı addımların şahidi olacağıq. Bu il həm də, parlament seçkiləri ilidir. Yəqin ki, bu və digər məsələləri nəzərə alaraq parlament üzvlərininin, məmur və generalların da sırasında lazım olan təmizlənmə işləri aparılacaq, cəmiyyətdə bir əminlik əhval-ruhiyyəsi yaradılacaqdır. Bunu həm zaman, həm də insanlarımız artıq tələb edirlər.
Tanrı Azərbaycanımızı qorusun!!

aztoday.az