Kəmaləddin Heydərovun imzası saxtalaşdırıldı - ŞOK

Kəmaləddin Heydərovun imzası saxtalaşdırıldı - ŞOK

07-06-2015 03:00 / Bu xəbər 1335 dəfə oxundu

Moderator.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun imzasını saxtalaşdırmaq yolu ilə bir neçə şirkətə külli miqdarda (550 min manat) ziyan vuran şəxsin cinayət işi baxılmaq üçün 2-3 gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, düz bir il əvvəl Moderator.az mötəbər mənbələrə istinadən "Merac Holdinq” şirkətinin İdarə Heyətinin sədri Səbuhi Əliyevin dələduzluq maddəsiylə həbs olunduğunu yazmışdı. Sonradan saytın bu xəbəri Baş Prokurorluq tərəfindən təsdiqlənmişdi. 

O vaxt prokurorluğun yaydığı rəsmi məlumatda yalnız Səbuhi Əliyevin Zaqatala-Balakən bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar 204 evin tikintisinin "Bakıenerjitikinti” ASC-yə həvalə olunacağı müqabilində 20 min manat alarkən cinayət başında yaxalanmasından bəhs olunurdu:

""Bakıenerjitikinti” ASC-nin əməkdaşına guya tanıdığı vəzifəli şəxsin köməyi ilə inşa ediləcək 204 evin tikintisinin həmin cəmiyyətə həvalə olunacağını vəd edərək ondan bunun müqabilində hər ev üçün 120 manat olmaqla 24 min 480 manat pul istəyib, həmin məbləğin 20 min manatını şirkətin ofisində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb."

Maraqlıdır ki, o vaxt Kəmaləddin Heydərovun adı çəkilmirdi və bu şəxsin imzanın saxtalaşdırılması yolu ilə törətdiyi cinayət barədə heç nə deyilmirdi. Amma istintaqın gedişində S. Əliyevin bu cinayəti də ifşa olunaraq tam sübuta yetirilməklə baxılması üçün məhkəməyə göndərilib. Bəlli olub ki, S. Əliyev üst-üstə 550 min manat pulu dələduzluq yolu ilə mənimsəyib.

Mövzunu dioqqətdə saxlayacağıq və məhkəmənin gedişi barədə oxucularımıza əlavə məlumatlar verməyə çalışacağıq...///Moderator.az