Keçmiş deputata ittiham: “Bilirdi ki, pullar qeyri-leqal yolla gedəcək…”

Keçmiş deputata ittiham: “Bilirdi ki, pullar qeyri-leqal yolla gedəcək…”

03-02-2018 03:02 / Bu xəbər 2551 dəfə oxundu

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan sabiq deputat Elton Məmmədovun özünün də adı oğlunun 210 minlik məhkəməsində hallanır.

Keçmiş deputatın oğlu Elnur Məmmədov bu işdə zərərçəkmişdir, onun on illik tanışı tərəfindən aldadılıb pulunun ələ keçirildiyi iddia olunur. E.Məmmədov ötən məhkəmə iclasında ifadə verib, təqsirləndirilən Rövşən Heybətovla Türkiyədən qəlyan gətirmək biznesində necə anlaşdığını, pulun necə verildiyini danışmışdı.

"Ağsaqqal bunu bilirdi, ona görə məndən "qarantiya” istədi”

Fevralın 2-də isə R.Heybətov ifadə verib, ünvanına səslənən ittihamları cavablandırıb. Bildirib ki, həqiqətən də birlikdə işləmək təklifi ondan gəlib: "Mənim tanışlarım var idi, Türkiyədən mal gətirəndə gömrükdən rüsumsuz keçirə bilirdim. Yaxşı da pul qazanırdım. Təklif elədim ki, belə bir iş var, o da razılaşdı. Sonra ağsaqqalın (Elton Məmmədovu nəzərdə tutur – red.) yanına gedib məsləhətləşdik. O bilirdi ki, pul qara yolla çıxacaq, mal necə gələcək. Yəni bunun təhlükəli iş olduğunu bilirdi. Buna görə də məndən soruşdu ki, nəsə olsa, kim cavabdehlik daşıyacaq? Məndən "qarantiya” istədi. Az pul deyildi də… Dedim ki, cavabdeh mənəm. Söz vermişəm, sözümün də üstündə dayanacam. Axırıncı qəpiyinə qədər də qaytaracam, söz verirəm. Mən dələduz deyiləm, hadisədir də, başıma gəlib”.

R.Heybətov deyir ki, zərərçəkmiş E.Məmmədovla çörək kəsib, yaxşılıq görüb, amma Türkiyədə qəza görüntüsü yaradıb, onun pulunu ələ keçirməsi haqda onun dedikləri doğru deyil. Onun sözlərinə görə, özü iki idmançı ilə Türkiyəyə gedəndən sonra 210 min qeyri-leqal yolla ora göndərilib. O da gedib İstanbulda, "Kapalı çarşı”dan o pulu götürüb.

İstanbulda qəzaya düşdüyünü, həmin vaxt maşında olan pulların götürüldüyünü deyən təqsirləndirilən Heybətov buna görə Türkiyə polisini də günahlandırır: "Orda başıma bu oyunları açanlar mənim pulla olduğumu bilən adamlar olub. Bu işdə Türkiyə polisinin də əli vardı. Mən özümü öldürdüm ki, polisin məsələdən xəbəri var, dedilər ki, nə danışırsan, Türkiyə polisi elə şey eləməz. Çevriliş məsələsində (2015-ci ilin iyulunda Türkiyədə törədilmiş uğursuz çevriliş cəhdini nəzərdə tutur – red.) gördük də onların nələr elədiyini…”

R.Heybətovun dediyinə görə, həmin puldan 144 min qaytarıb. Bunun 50 minini vəkili ilə birlikdə aparıb, keçmiş deputatın özünə verib: "Hissə-hissə qaytarırdım. Bir müddət sonra Elnur polisə verdi, məni həbs elədilər”.

"Pulları sən özün götürmüsən”

Zərərçəkmiş E.Məmmədov məhkəmədə deyib ki, R.Heybətovla münasibətləri olub, ona görə də həbsinin tərəfdarı deyil. Amma qalan pulunun da geri qaytarılmasını tələb edir.

Sabiq deputatın oğlu atasının pulların qara yolla ölkədən çıxarılmasından xəbərdar olması haqda təqsirləndirilən şəxsin söylədiklərinə heç bir cavab verməyib. Amma R.Heybətovun ifadəsindən sonra deyib ki, onun başına iş gəlməsinə, pulların qəza zamanı götürülməsinə inanmır: "Pulları sən özün götürmüsən. İndi burada etiraf eləmirsən, amma dəfələrlə bizim yanımızda demisən ki, gərək belə eləməyəydim…”

Məhkəmə davam edir.

İttihama görə, E.Məmmədovla R.Heybətov birlikdə qəlyan biznesi ilə məşğul olmağa razılaşıblar. E.Məmmədov ona 210 min pul verib. Türkiyəyə gedəndə R.Heybətovun icarəyə götürdüyü maşınla qəzaya düşdüyünü eşidib. Heybətov ona deyib ki, pullar qəza zamanı maşında olub. E. Məmmədov isə buna inanmayıb və ondan polisə şikayət edib. 

AzadlıqRadiosu