Kənd sakini: "Sirab" sirablıları susuz qoyub

Kənd sakini:

10-10-2021 01:11 / Bu xəbər 1464 dəfə oxundu

Nəhəng Sirab bulağının qaynayıb-daşdığı eyni adlı kənddə sakinlər içməli su qıtlığı ilə üzləşib. Söhbət Babək rayonu Sirab kəndindən gedir. 

Bu barədə "Gündəlik Naxçıvan" məlumat yayıb.

Kənd sakinləri deyib ki, "Sirab" ASC bulağın bütöv suyunu istehsal sahəsinə yönləndirdiyindən, kəndin kəhriz və su quyuları quruyub.

Onlar bildirir ki, sovet dönəmində  müalicəvi Sirab suyunun yalnız bir hissəsi istehsal sahəsinə yönəldilmişdi. Qalan hissəsi isə kəndin göllərinin, kəhrizlərinin, quyularının su mənbəyi olararaq saxlanılırdı. İndi isə nəhəng bulaqdan çıxan suyun hamısı borularla yaxınlıqdakı zavoda daşınır. Bu səbəbdən də rəsmi rəqəmlərə görə üç minə yaxın əhalisi olan kənddə su qıtlığı yaranıb. 

Kənd sakini Qadir Quliyev "Gündəlik Naxçıvan"a deyib ki, içməli suyu qonşu kəndlərdən su qablarına doldurub əllərində daşımağa məcburdurlar: "Dünyanın harasına getsən, Sirab bulağının suyunu tapmaq olar. İstehsal edib göndərirlər, pul qazanırlar. Təkcə biz sirablılar bu suya həsrətik. Bulaqdan bir damcı da olsun su buraxmırlar ki, gedib içək. Hamısına özləri yiyələnib. Mən söz demirəm. Zavod da lazımdır, istehsal da. Ancaq, öncə bizim su təlabatımızı həll etsinlər, sonra nə qədər istəyirlər, şüşəllərə doldurub satsınlar. Bizim kənd qədimdə Sirab bulağına görə burda bərqərar olub. İndi kəndimiz susuzluqdan yanır. Biz hələ belə tarix yaşamamışdıq. Zorla yaşadırlar izə bu tarixi. Sovet dövrü belə ənənə var idi ki, kənddə hər dəfə toy yaxud yas məclisi olanda zavod rəhbərliyi lazımi sayda qablaşdırrılmış su göndərirdi. İndi zavodun qapısına gedib desən, susuzluqdan ölürəm, bir qab su verməzlər". 

Qadir Quliyev deyir ki, su qıtlığı ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunsa da, heç bir nəticəsi olmayıb.  

Sirab mineral sularının istehsalına ötən ilin 50-ci illərindən, sovet dövründən başlanılıb. 

İstehsalı 2003-cü ildən  bəri "Sirab" ASC davam etdirir. 

Müxtəlif ölkələrdə ofisləri olan ASC, il ərzində xaricə 21 çeşiddə 1 milyon 200 min ədəd qazlı və qazsız su istehsal edir. 

Müəssisənin yerli məmurların nəzarətində olması ilə bağlı mətbuatda tez-tez iddialar səsləndirilir. 

"Sirab" ASC-dən münasibət öyrənmək mümkün olmayıb.