Kərimovların Londondakı sərvəti – Sənədlər

Kərimovların Londondakı sərvəti – Sənədlər

14-08-2019 13:16 / Bu xəbər 2139 dəfə oxundu

Azərbaycan mediasında adı daha çox Salyan rayonunun "kiçik padşahı” kimi təqdim olunan sabiq icra başçısı Tahir Kərimov ölkə xaricində də böyük biznesə sahibdir.

Bu barədə aztoday.az saytı yazıb.

Sayt rəsmi sənədlərə istinad edərək yazır ki, sabiq icra başçısı bu biznesi vəzifədə olduğu zaman yaradıb: "2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına başçılıq edərkən, Azərbaycanda dəbdəbəli həyat tərzi sürən məmurlarından biri kimi göstərilən, tutduğu vəzifələrdə bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf etməkdən çəkinməyən, hər zaman qalmaqallı övladları ilə bağlı gündəmdə olan sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib. Belə ki, Birləşmiş Krallığın reyistr məlumatlarında Tahir Kərimovun özünün və övladlarının adına xeyli sayda şirkətlər və daşınmaz əmlak var".

Araşdırmalar nəticəsində Tahir Kərimoun oğlu Tural Kərimov və qızı Aynur Kərimovanın adına şirkətlər müəyyən edilib. Xüsusilə, Tural Kərimoun adına 3 fərqli şirkət var. Bunlardan biri "Premium Horions Limited” adlı şirkətdir. Bu şirkət 2013-cü ildə təsis edilib və payçıları Kərimovun övladlarıdır. Yəni həm Tural Kərimov, həm də Aynur Kərimova şirkətin rəsmi payçısıdır. 

Bundan sonra isə ötən il Tural Kərimova məxsus " KIEVAN ACCOUNTANTS LTD” və "Kerimov Holdings LTD” şirkətləri təsis edilib. Hər üç şirkət eyni ünvanda "Solar House" adlı bir ofis mərkəzinə qeydiyyatdadır.

Hələ bu Tural Kərimovun biznes dairəsinin hamısı deyil. "ESPERTO ESPRESSO LIMITED” adlı şirkət 2018-ci ildə Tural Kərimov tərəfindən təsis edilib. 

Şirkət "Natural Coffee” adı altında Londonda "136- 138, Kentish Town Road” ünvanında fəaliyyət göstərir. Şirkətdə kofe və orqanik qida satışını həyata keçirən Kərimvoların bu mülkünün dəyəri 1,323,000 (£) funtsterlinqdir.

Sayt yazır ki, Tahir Kərimovun ölkədən çıxartdığı pullar bununla bitmir. Belə ki, övladlarının qeydiyyatda olduğu Flat 22, Priestley Court, Princes Gate, High Wycombe, Buckinghamshire HP13 7WZ ünvanındakı evi 2017-ci ilin 11 sentyabrında Kərimovlar 240,000£ funtsterlinqə satın alıblar.

Azərbaycan mediasında dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi qələmə verilən Tahir Kərimovun digər oğlu Həmzə Kərimov SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəridir. Həmzə Kərimovla yanaşı, qardaşı Tural Kərimovun da adı bir-çox qalmaqallarda hallanıb.

Məsələ ilə bağlı Tahir Kərimov və övladları açıqlama vermək istəməyiblər.