Kerri Azərbaycana gələcəyini deyir

Kerri Azərbaycana gələcəyini deyir

07-03-2024 01:58 / Bu xəbər 828 dəfə oxundu

"Mən COP 29-da olacağam”

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Azərbaycanda keçiriləcək COP 29-da iştirak edəcəyini deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyini açıqlayıb.

"Mən COP 29-da olacağam və Prezident Əliyevlə söhbət zamanı kömək edə biləcəyimiz şeylər haqqında danışdıq”, – Kerri Vaşinqton Xarici Mətbuat Mərkəzində jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda dünyada hər il 7 milyon insan havanın çirklənməsindən ölür: "Bu, istixana qazlarının çirklənməsidir. Biz nə edəcəyimizi bilirik, bu böhrandan qaçmaq üçün yeni texnologiyalarımız var”.

"Turan”ın "Bakıda keçiriləcək sammitdən nə gözləyirsiniz?” sualına cavabında Kerri deyib ki, o, ənənəvi yanacaqlardan bərpa olunan mənbələrə keçidlə bağlı razılaşma gözləyir.

O, bunun böyük maliyyə tələb edəcəyini açıqlayıb: "İndi buna 100 milyard dollar tələb olunur. Sual olunur ki, ölkələr yeni enerji növlərinə keçmək üçün bu ianələri etməyə hazır olacaqlarmı? Yəni yeni fond yaradılmalı və hər kəs ona sərmayə qoymağa razı olmalıdır. Bu, Bakıda keçiriləcək sammitdə baş verməlidir”.

Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı suala gəlincə, Kerri deyib ki, Birləşmiş Ştatlar hər bir ölkədə insanlara necə münasibət göstərilməsinə böyük əhəmiyyət verir: "Birləşmiş Ştatlar diplomatiyamızda ardıcıl olaraq bu məsələləri qaldırıb və mən əminəm ki, biz və digər ölkələr "ədalət” kimi anlayışın həyata keçirilməsini təmin etmək üçün mümkün qədər çox işlər görməyə davam edəcəyik”.

İqlim Dəyişikliyi üzrə BMT konfransı – COP-29 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək.