"Kəskin qiymət artımı qarşısıalınmaz prosesə çevrilib" - İqtisadçı

03-07-2019 18:48 / Bu xəbər 1592 dəfə oxundu

2019-cu ildə qiymətlər, 2018-ci ilin eyni dövrü ilə müqayisədə artıb.

Məlumat Dövlət Statistika Komitəsinin yaydığı "İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında” adlı sənəddə öz əksini tapıb.

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.

Həmin statistikaya əsasən iqtisadçı Nemət Əliyev ayrı-ayrı məhsulların qiymətinin keçən ilin analoji dövrü ilə müqayisədə nə qədər artdığını araşdırıb.

Araşdırmaya görə, qida rasionunda üstünlük təşkil edən məhsullardan ağ kələm 95 faizə yaxın, soğan 78 faizdən çox, kartof 32 faizə qədər, yumurta 25 faizdən artıq bahalaşıb. 
 
 

Filtrli siqaretlər isə 24 faiz üzərində bahalaşıb.

Qiymətlər Bakı bazarları, habelə Respublikanın kənd rayon bazarları üzrə müxtəlif olsa da, bu ilin may ayında 1 kq baş soğan orta hesabla 71 qəpikdən ticarət edilib. Halbuki ötən ilin may ayında 1 kq baş soğan orta hesabla 46 qəpikdən alınıb-satılıb. 

"Deməli, baş soğanın hər kiloqram qiyməti bu il 54 faizdən çox bahalaşıb. Soğanın hər kiloqramına bu il 25 qəpik çox xərcləmişik. Cari ilin yanvarında soğanın qiymətində 6 faizdən bir az artıq səviyyədə ucuzlaşma qeydə alınsa da, sonrakı aylarda kəskin bahalaşma yaşanıb. Fevral ayında 15 faizdən çox, mart ayında 33 faizin üzərində qiymət artımı baş verib. Aprel ayında isə soğan 78,3 faiz bahalaşaraq kiloqramı orta hesabla 1 manat 7 qəpiyə yüksəlib. Xaricdən gətirilən soğanın qiyməti isə 85 faiz artıb”, - iqtisadçı deyir.

Ekspert deyir ki, kartofun qiyməti, ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin yanvar, fevral və mart aylarında orta hesabla 1,3 faiz nisbətində ucuzlaşıb. Lakin apreldə bu məhsulun qiyməti 14,3 faiz, mayda isə 32 faizə yaxın bahalaşıb. Orta hesabla ötən ilin may ayında bir kiloqramı alıcılara 66 qəpiyə təklif olunan kartof bu ilin may ayında 87 qəpiyə təklif olunub. Yerli kartof 31 faizdən bir az çox, idxal olunan kartof isə 34 faizə yaxın bahalaşıb.

Mart, aprel, may aylarında qiyməti kəskin bahalaşan ərzaq məhsullarından biri də ağ kələmdir. Ötən il ağ kələmin orta aylıq satış qiyməti müvafiq olaraq 0,57; 0,56; 0,57 manat olmuşdursa, bu il 0,67; 1,09; 0,90 manat olmuşdur. Deməli, bu məhsulun qiyməti martda 17 faizdən çox, apreldə 95 faizə yaxın, mayda isə 58 faizə qədər bahalaşıb.

Bu ilin əvvəlində 10 ədədi 1,77 manata satılan toyuq yumurtası may ayının sonuna qədər 1,39 manata qədər ucuzlaşsa da, bu sonuncu qiymət ötən ilin may ayı ilə müqayisədə 25 faizdən yüksəkdir.

Xaricdən gətirilən suda bişmiş kolbasanın qiyməti cari ilin yanvar-may dövründə 16-20 faiz aralığında, idxal olunan sosiska və sardelkanın qiymətləri isə fevral-may dövründə 14-15 faiz intervalında bahalaşıb.

Buğda ununun qiyməti yanvarda 4 faizə yaxın, fevralda 8 faizə yaxın, mart və apreldə 9 faizə yaxın, mayda isə 10 faizə yaxın artıb.

Ötən ilin may ayında kiloqramı 5,02 manata satılan dondurmanın qiyməti bu ilin may ayında 18 faizə yaxın bahalaşaraq 5,92 manata yüksəlib.

Ötən ilə nəzərən bu ilin mayında filtrli siqaretlərin qiymətlərində 24 faizdən çox, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində 17 faizə yaxın, məktəblilərin daha çox istifadə elədiyi flomasterlərın qiymətlərində 20 faizdən artıq, üz üçün qidalandırıcı kremlərin qiymətlərində isə 56 faizə qədər bahalaşma qeydə alınıb.

"Bu ilin yanvar-may dövründə hər gediş haqqına görə metrodan istifadə edərkən 10 qəpik çox, şəhər və şəhərətrafı avtobuslardan istifadə edərkən 11 qəpik çox, şəhərlərarası avtobuslardan istifadə edərkən 72 qəpik çox ödəniş etməli olmuşuq. Çünki gediş haqqı bu il, ötən ilə nəzərən, metroda 50 faiz, şəhər və şəhərətrafı avtobuslarda 44 faiz, şəhərlərarası avtobuslarda isə 18 faizə yaxın bahalaşıb”, - Nemət Əliyev vurğulayır.

İqtisadçı deyir ki, çoxişlənən malların, iş və xidmətlərin bahalaşma faizləri çox yüksəkdir: "Müqayisə üçün deyim ki, ötən ilə nəzərən, bu ilin yanvar-may aylarında nominal idadədə əhali gəlirləri cəmi 6,8 faiz artıb. Belə olan halda, aşağı səviyyəli gəlir artımlarının yüksək bahalaşma faizlərinin yeminə çevrilməsi şübhəsizdir. Odur ki, gəlir artımlarının bahalaşma səviyyəsni üstələməsinə nail olmaq lazımdır və hökumət tədbirləri də məhz bu istiqamətə yönəlməlidir. Əks halda, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına iddia eləmək çox absurddur”.

Ekspert bu artımların həyat səviyyəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini vurğuluyıb.

Toplum.Tv