“Kimin ağzında qızıl dişi var idi, “atvyorka” ilə çıxarırdılar” - MÜSAHİBƏ
26-02-2016 02:38 / Bu xəbər 2513 dəfə oxundu
"İki qardaş mexseti türkü vardı, ikisini də bir-birinə bağlayıb, gözümüzün önündə güllələdilər”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı”, "Xocalı soyqırımı” kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü”, "Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı” (en. "Khojaly Massacre”, fr. "Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir.
"Məni döyəndə oğlum ağlayırdı,onu da döyürdülər” Müsahibimiz Əliməmmədov Yaşar Şahmalı oğludu. Yaşar müəllim 1956-cı il noyabrın 5-də Xocalı rayonunda anadan olub. 1992-ci il, fevralın 25-dən 26-a keçən gecə o, da bir çox Xocalı sakini kimi aiəsi ilə birlikdə əsir düşüb.
– Yaşar müəllim, bu gün Xocalı faciəsini necə xatırlayırsınız? Bilirəm ki, sizin üçün bu haqda danışmaq çox çətindi, amma mümkünsə, bizə həmin hadisələr barədə məlumat verərdiniz.
– Mən baş-leytenant Tofiq Hüseynovun "Özünü müdafiə batalyonu”da döyüşürdüm və həmin vaxtı Xoclıda dəmiryolu deyilən ərazidə postda idim. Həmin batalyonda mən və iki qardaşım Faiq və Namiq də mənimlə birgə döyüşürdü. Qardaşım Faiq "Gəncə şəhər Texnologiya Universiteti”də əyani oxuyurdu. Lakin, sonradan qiyabi şöbəyə keçərək Xocalının müdafiəsi üçün döyüşməyə başlamışdı. Namiq isə, Xankəndində Təşkilat Komitəsində "Uaz” markalı avtomobil sürürdü. Fevralın 25-i axşamı saat 23- radələrində şəhər tank və pulemyotlardan atəşə tutulmağa başladı. Aeraport tərəfdən hücuma keçdilər.
Mexseti türklərinin yaşadığı evlər var idi, onları alov bürümüşdü. Altı yaşlı oğlum Sirac evdə idi. Mən tez evə gəldim. Gördüm ki, yoldaşım , qonum-qonşu , hamı yığışıb. "Qarqar” çayının yanında ferma var idi, baxdım ki, həmin fermanı ermənilər yandırıblar. Ermənilər aşağıdan evləri yandıra-yandıra yüksəkliyə qalxırdılar. Vəziyyətin heç də yaxşı olmadığını görüb, ailəmlə birlikdə camaatı yığdım və "Qarqar” çayı istiqamətində düşdük. Meşənin içi ilə üzü Ağdam istiqamətinə getməyə başladıq və "Gendərə” deyilən yerdə ermənilərin pusqusuna düşdük. Bizi atəşə tutdular ölən öldü, qalan qaldı. Həmin hadisədə mən də, öz ailəmdən ayrı düşdüm. Mənimlə qalan qaynanam, iki uşaqla sinif yoldaşım Xuraman və Xuramanın qardaşı Rövşən oldu. Rövşənin də ayağını "don” vurmuşdu, axsayırdı.
Atəş kəsilmirdi. Mən balaca qardaşım Faiqi səslədim. O, altı yaşlı oğlum Siracı qucağında gətirirdi. Qardaşımı çağıranda, təzədən bizə atəş açdılar. Biz meşədən yuvarlandıq aşağıya . Gördük ki, bir dəstə Xocalı gedir. Xuraman və Rövşən də qoşuldular camaata getdilər. Qardaşımla , oğlumu axtarmaq üçün geriyə qayıtdım. Düşünürdüm ki, öldürüblər heç olmasa meyitlərini götürüm. Geriyə qayıdıb Xocalılardan üç nəfər adamı gördüm. Polis Zahid, Vəliyyədin bir də Nadir adında bir oğlanı. Onun da qucağında iki yaşında uşağı vardı. Onlardan oğlumu, yoldaşımı və qardaşımı soruşdum dedilər ki, görməmişik. Bunlara qoşulub qarın üstündə qan izləri var idi, başladıq həmin izlə axtarmağa. İzlə gəlib bir kənd içinə çıxdıq bu zaman bir erməni arvadı bizi gördü və qışqırdı ki; "Tokerim-tokerim” yəni, türklər. Erməni arvadın səsinə silahlı ermənilər gəldilər və başladılar bizi qovmağa. Bizim bircə dənə "Avtomatımız” var idi, və ermənilər arxamızca düşdüyündən onlara atəş açırdıq ki, irəliləyə bilək.
Biz elə bilirdik ki, Ağdam istiqamətində qaçırıq, duman olduğundan gəldik çıxdıq ermənilərin yaşadığı "Kətik” kəndinə. Artıq 26-ı axşamı idi, gecələməyə yer gəzirdik yolda. Zahidin ayağını don vurduğundan, həm də ac olduğundan yeriyə bilmirdi. Biz onu sürüyə-sürüyə gətirib bir böyürtkan kolunun yanında qoyub dedik ki: gözlə bu yaxınlarda bir yer tapıb gəlib səni də aparaq. Gəldik gördük ki, itburnu var, aclıqdan başladıq ondan yeməyə onu da qaytardıq sonradan. Birdən yoldaşlar qışqırdılar ki; erməni. Yaxınlaşdım gördüm ki, yoldaşım Səidə başı sarıqlı, ayaq yalın. Başı-gözü qarın içində idi, şarfımı cırıb yoldaşımın ayağına doladım. Bir az irəlidə gördük ki, bir adam da uzanıqlı qalıb, yaxınlaşdım gördüm ki, bu da bizim yaxınlardan Kamil idi. Ayaqlarını don vurmuşdu yeriyə bilmirdi. Qayıdıb Zahidi götürüb xeyli irəliləmişdik ki, təpənin üstündə bir nəfər erməni bizi görüb qaçıb gizləndi. Amma, bir nəfər ordan çağırırdı ki: "gəlin bura, siz bizlərdənsiniz! " Amma, o qaçıb gizlənənin hərəkəti məni şübhələndirdi ki, bizlərdən olan niyə qaçıb gizlənsin? Qəfildən gördük ki, bizi mühasirəyə aldılar. Sən demə biz, ermənilərin yaşadığı "Pircamal” kəndinə gəlib çıxmışıq. Bizə atəş açmağa başladılar və biz meşəyə çəkildik. Meşədən bizi əsir götürdülər və əsirlərin saxlandığı fermaya gətirdilər.Fermada mən, oğlumu, atamı, qardaşımı və qayınatamı gördüm. Ocaq qalayıb ocağın başında oturmuşdular.
-Yaşar müəllim, ermənilər əsirlərə qarşı hansı cəza metodlarını seçirdilər?
"Məni döyəndə oğlum ağlayırdı,onu da döyürdülər”-Başımıza oyun açırdılar, mən də "avtomat” olduğuna görə, mənə üç gün itin zülümünü ediblər. Hamilə qadınların qarnına nizə soxurdular.Onlar uşaqlı qadınları maşına yığıb Şelliyə aparır, orada da benzinə, siqaretə dəyişidilər. Mənim də ailəmi aparanda, oğlum ağladı ki; "mən atamla qalıram, buraxırsınız atamı da buraxın! " Beləcə oğlum altı yaşlı Sirac mənimlə qalmağa başladı. Kimin ağzında qızıl dişi var idi, "avtyorkanı” verirdilər ki, dişlərini çıxartsın. Çoxunun dişini özləri "kəlbətinlə” çıxarırdı. İnsanların başının dərisini soyurdular. İki qardaş mesxeti türkü var idi, onları bir birinə bağlayıb gözümüzün önündə güllələdilər. Mənim özümü bir ayaq üstə saatlarla saxlayırdılar, yəni ayağın yerə dəysə, ölməlisən. Oğlumun gözünün önündə burnumu qırıblar, barmağımı qırıblar, çiyinlərimin ikisini də qıraraq qoluma "dağ” basıblar. Gündə dörd-beş dəfə bizi döyürdülər. Bunlar da əsasən yaxınlarını itirmiş ermənilər idi. Oğlum Siracı ermənilər Yerevana aparmaq istəyirdilər. Durdum ki, uşağı onlardan alım, vurub yıxdılar məni qanın içindəydim. Mən erməni dilində təmiz bilirdim, danışmaqlarından bildim ki deyirlər; nə yaxşı uşaqdı, erməni uşağına oxşayır. Amma, onların içində məni tanıyan ermənilər var idi, onlar uşağı qaytardılar.
-Yaşar müəllim on səkkiz gün əsirlikdə qaldınız. O, vaxt ərzində siz nə yeyib-içirdiniz?
– Heç nə bala. Bizi bir dəfə Stepanakertə gətirəndə bir az çörək gətirmişdilər. Ondan sonra ac-susuz işgəncələr verirdilər. Məni döyəndə Sirac ağlayırdı. Siracı da döyürdülər.
– Bəs sizin iki qardaşınız Faiq və Namiq necə şəhid oldu?
"Məni döyəndə oğlum ağlayırdı,onu da döyürdülər”- Namiqi kəndçimiz Kamillə birgə yanımızdan apardılar bu günə kimi xəbər yoxdu. Onda Namiqin həyat yoldaşı hamilə idi, 1992-ci ilin may ayının 3-də Namiqin oğlu oldu. Adını Pərviz qoyduq. On-dörd yaşına kimi Pərviz atasının harada olduğunu soruşdu. Axırda açıb dedik ki, sənin atan itkin düşüb. Anam Süsən bu dərdə dözməyib öldü. Faiqi isə işgəncə ilə öldürmüşdülər. Ermənilər Faiqin başına tapançanı söykəyib deyiblər ki, de Qarabağ Ermənistanındı. O, da deyib ki; Qarabağ Azərbycanındı. Ona görə, elə oradaca başından güllə ilə vurublar. "Ya Qarabağ, ya ölüm” Faiqin şüarı idi, indi də dillər əzbəridi.
– Yaşar müəllim, necə oldu ki, siz əsirlikdən xilas oldunuz?
– Siracı Yerevana aparmağa qoymayan erməniyə çox yaxşılığım keçmişdi. Bir gün gəldi ki; Yaşar ayağa dura bilərsən?
-Dedim ki, nə olub?
-Dedi qalx, səni dəyişməyə aparırıq.
-İnanmadım.
-Oğlum Siracla çıxdıq, gördüm ki, həyətdə bir "Uaz” markalı maşın var idi, 20 nəfər Xocalı sakini idik. Bizi gətirdilər Əsgərana orada da alınmadı və bizi apardılar Xankəndinə. Bizi 5-6 gün də orada saxladılar, yenə də işgəncə verdilər. Sonra bizi Əsgəranla gətirib, Əsgəranla Ağdamın arasında dəyişdirdilər.
Vasif Əlihüseyn