“Kimin malını yeyib-dağıtmışam?”
09-09-2022 16:11 / Bu xəbər 1144 dəfə oxundu
Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı, "Baku Steel Company”nin sahibi olmuş Rasim Məmmədovun məhkəməsi davam edib.
Sentyabrın 5-də keçirilmiş hazırlıq iclasında hakim məhkəmə baxışını təyin edərkən vəkil Elçin Sadıqov iclasın başqa tarixə keçirilməsini istəmişdi.
O, bunu başqa bir məhkəmədə vəkil kimi iştirak edəcəyi ilə əlaqələndirmişdi.
Uzun fikir ayrılıqlarından sonra hakim məhkəmə iclasını bu günə təyin etmişdi.
Vəkillər məhkəməyə məktub göndərərək iclasın təxirə salınmasını xahiş etsələr də, bu müraciət nəzərə alınmayıb.
Hakim Leyla Əsgərova-Məmmədova onlara xəbər göndərib ki, gəlməsələr, proses onların iştirakı olmadan keçiriləcək.
Məhkəmə iclasında yalnız vəkil Pərviz Məmmədov olub.
Hakim bildirib ki, digər vəkillərin iştirakı olmadan da başlamaq olar, ancaq Pərviz Məmmədov etiraz edib: "Mən özüm də bura məcburi gəlmişəm. Halbuki məhkəməyə məktub göndərmişdim”.
Bütün bunlara baxmayaraq, hakim məhkəməni vaxtından 2 saat sonra vəkillər gəlib və məhkəmə iclası başlayıb.
Vəkil Elçin Sadıqov sosial şəbəkədəki şəxsi hesabından hakimin bu hərəkətini tənqid edib.
Rasim Məmmədovsa ittihamları qəbul etmədiyini bildirib.
O deyib ki, irəli sürülən ittihamları başa düşmür. Ona fiziki şəxslərin hüquqlarını pozmasıyla, onların mallarını talamasıyla bağlı ittiham verilib, ancaq bu şəxslərin kim olması barədə heç bir məlumat yoxdur.
"Mən hələ də başa düşmürəm ki, kim mənə nəyi etibar edib, mən də yeyib dağıtmışam? Yazıblar ki, özüm özümü Müşahidə Şurasının sədri təyin eləmişəm. Bir yerdə 2009-cu ilin avqustunda yazıbıar, o biri yerdə 2011-ci ilin yanvarında. İndi bu tarixlərin hansında mən özüm-özümü təyin eləmişəm?”, - deyə Rasim Məmmədov məhkəmədə xeyli belə suallar səsləndirib.
Rasim Məmmədov ekspertiza rəyindəki rəqəmlərin şişirdildiyini də deyib: "O qədər istehsalat, satış olmayıb axı. 19 ay ərzində bizimlə işləməyiblər, bizdən heç nəyi soruşub aydınlaşdırmayıblar. Kimə nə qədər verilibsə, dəftərçədəki bu rəqəmlərə baxıb, özlərindən rəqəm düzəldiblər. Mən məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, onların yazdıqları doğru deyil”.
Sonra prokuror ittiham aktını elan edib.
İş adamı 55 milyon manatlıq mənimsəmə və israfetmədə ittiham olunur.
Ona qarşı irəli sürülmüş ittihamlara görə, o, "Baku Steel Company” MMC-ni 13 il əvvəl yaradıb və ötən ilin yanvarınadək Müşahidə Şurasının sədri olub. Həmin müddət ərzində sənədlərdə saxtakarlıq edib, rəqəmləri şişirdib, vəzifə səlahiyyətlərindən istifadə edib.
Başqa bir ittihama görə, ayrı-ayrı şəxslərin adına şirkətlər yaradaraq "Baku Steel Company”in mallarını həmin şirkətlərə daha aşağı qiymətə satıb.
Şirkətin məhsullarını öz obyekt və yaşayış binalarına sərf edib.
İclasın bitməsinə az qalmış vəkillər məhkəmə salonuna daxil olub.
Prokuror ittiham aktını elan etdikcə Rasim Məmmədov ittihamlardan heç nə anlamadığını dilə gətirib.
Prokurorsa məhkəmə iclaslarında məsələlərə aydınlıq gətiriləcəyini vurğulayıb.
Hakim Rasim Məmmədova ifadə verməyi təklif etsə də, o, buna hazır olmadığını deyib.
Hakim növbəti məhkəmə iclasını sentyabrın 12-nə təyin edib. Vəkillər yenə vaxtla razılaşmayıblar. Onlar həftənin əvvəli Şəkidə başqa məhkəmədə olacaqlarını bildirsələr də, hakim vaxtı dəyişməyib.
46 yaşlı Rasim Məmmədov 42 milyon manatlıq israfçılıqda təqsirləndirilir. Bundan başqa, ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilir.
O, 2021-ci il yanvarın 31-də DTX tərəfindən saxlanılıb, fevralın əvvəlində barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda məhkəməyə DTX İstintaq Təcridxanasından gətirilir.
Rasim Məmmədovun adı zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gəlib. Ən böyük qalmaqallardan biri də Zülfüqarlı qardaşları ilə onun arasında baş verib.
Nurəddin Zülfüqarlı və qardaşları bildirirdilər ki, öz zəhmətləri hesabına inkişaf etdirdikləri zavod onların əlindən zorla alınıb.
Bununla əlaqədar uzun müddət tərəflər arasında məhkəmə çəkişmələri gedib.
Zülfüqarlı qardaşları üzə çıxarmışdı ki, onlardan alınandan sonra zavod Lerik sakini Gəray Məmmədovun adına keçirilib.
Media isə uzun illərdir ki, Rasim Məmmədovu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin "qara kassası” kimi təqdim edir.
Rasim Məmmədov ötən məhkəməsində bildirib ki, 2011-ci ildə zavodu yaradanda onunla Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov arasında üçlükdə görüş olub və bir sıra məsələlər onlarla razılaşdırılıb.
Vəkili də Ramiz Mehdiyev və Bəylər Əyyubovun məhkəməyə çağırılıb şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.












