"Kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər"
26-04-2023 17:16 / Bu xəbər 3184 dəfə oxundu
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər oğlu İlkin Qəmbərin erməni soyqırımı ilə bağlı paylaşımına reaksiya verib.
Bu barədə İsa Qəmbər LAF TV-yə danışıb.
O, bu addımın onun üçün gözlənilməz olduğunu deyib: "İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır”.
İsa Qəmbər qeyd edib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər: "Onun mövqeyində, fikirlərində müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir ki, Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Yüzlərlə tarixi film çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var.
Sözügedən filmə ( Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film - red.) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma soyqırımla bağlı ("Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.
İlkin Qəmbərin "tvitter"də yazdığı "Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt” paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.