"KİV-ə Dəstək Fondu başqa işlərlə məşğuldur" - Elçin Şıxlı

14-03-2018 18:49 / Bu xəbər 1293 dəfə oxundu

''Hesab edirəm ki, pullar qəzetlərə deyil, layihələrə verilməlidir''

Vaxtilə Azərbaycanın iritirajlı qəzetlərindən olan "Zerkalo" onlayn formada geri qayıdır. 

Rusdilli auditoriya üçün nəzərdə tutulmuş saytda "Zerkalo” qəzetinin bir neçə əməkdaşı da var.

Bu barədə "Ayna”-"Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı məlumat verib. 

Vaxtilə çap olunan "Ayna” qəzeti də indi sayta çevrilib.

"Turan”-ın "Çətin sual" proqramına müsahibə verən Elçin Şıxlı deyib ki, hələlik saytın fəaliyyət göstərməsinə çalışırlar: "Maliyyə mənbəyi cəlb etmək üçün ortaya əmtəə çıxarmaq lazımdır. Bundan sonra bazara çıxardığın əmtəəni təklidf etməlisən ki, tələb yaransın. Bu istiqamətdə çalışıram”.

Gələcəkdə qəzetin çap variantını bərpa etməyə gəlincə, baş redaktor bu arzuda olduğunu deyib: "Amma hazırkı vəziyyəti, yəni yayım sisteminin tam darmadağın edilmiş bərbad vəziyyətini nəzərə alsaq, bu, mümkün deyil. Reklam bazarının da sıfır vəziyyətində olması qəzet çapı üçün heç bir zəmin yaratmır”.

Elçin Şıxlı bunun üçün Azərbaycan prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fonduna müraciət etməyəcəyini deyir: "Çünki onların maliyyəsi ilə normal qəzet saxlamaq qeyri-mümkündür. Əgər bu, mümkün olsa idi, qəzeti bağlamazdım”.

Baş redaktor qəzetlərin bağlanma səbəblərindən də danışıb: "Qəzetlərin fəaliyyətini artıq dörd ildir dayandırmışam. Mənim üçün çox ağır və çətin idi. Bayaq qəzetin bərpasının mümkünsüzlüyü ilə bağlı zəminləri söylədim. Dörd il əvvəl də həmin zəminlər var idi. Yəni, yayım sistemi darmadağın olundu, qəzet satışı demək olar ki, yoxdur. Reklam bazarı sıfır dərəcəsinə endirildi və bir əldə cəmləşdirildi, monopoliya altına keçdi. Nəhayət, bunların nəticəsində bizim gənclərdə qəzet oxumaq vərdişi yaradılmadı, yoxdur bu vərdiş. Qəzet köşkləri çoxdur, amma bu köşklərdə qəzet satılmır, tamam başqa şeylər satılır. Son zamanlar Azərbaycanda haradasa qəzet oxuyan adam görməmişəm. Olsa da, çox nadir halda olur. Haradasa bir gəncin qəzet oxuduğunun şahidi olmamışam.

O zaman da bu problem yarandı. Qəzet özü- özünü maliyyələşdirə bilmədiyindən fəaliyyətini dayandırdım.

Biznes cəhətdən ziyanlardan danışa bilmərəm. Çünki qəzetin çapını dayandırmasaydım, maddi cəhətdən daha çox ziyana düşəcəkdim”.

"Azərbaycanda qəzetin çap variantının biznes mühitini yaxşılaşdırmaq üçün nə edilməlidir” – sualına Elçin Şıxlı belə cavab verib: "İlk növbədə iqtisadiyyatda liberallaşma gücləndirilməlidir. Orta və kiçik sahibkarlıq üçün şərait yardılmalıdır, bu təbəqənin güclənməsi lazımdır. Konkret qəzetə gəldikdə, yayım şəbəkəsi bərpa edilməlidir. Yayımla bir neçə özəl əllərdə olan şirkətlər məşğul olmalıdır. Fikrimcə, KİV-ə Dövlət Dəstəyi Fondu aldığı maliyyələrin böyük hissəsini bu işlərə yönəltməlidir. Amma təəssüf ki, KİV-ə Dəstək Fondu başqa işlərlə məşğuldur. KİV-ə Dəstək Fondunun fəaliyyəti mətbuatın normal işləməsinə yönəlməlidir. Amma bizdə zahiri atributlardır. Yəni, hər şey var, tədbirlər keçirilir, qəzetlərə pullar paylanır. Hesab edirəm ki, pullar qəzetlərə deyil, layihələrə verilməlidir. Böyük qəzetlərə pul verib onları yalandan süni tənəffüs maşınına bağlamaq kimi hərəkətlər etmək lazım deyil. Daha sonra ədalətli rəqabət şəraiti yaradılmalıdır. Bunlar olmadan çap mediasının dirçəlməsi mümkün deyil.

Bununla yanaşı bu tələbləri israrla demək, tələb etmək, tələbləri irəli sürən dairəni genişləndirmək lazımdır. Çünki bu gedişlə hara gedirik, məlum deyil”.