Kiyev Baxmutda irəlilədiyini deyir
08-09-2023 17:22 / Bu xəbər 771 dəfə oxundu
Rusiyanın Müdafiə Nazirliyi bu arada iddia edib ki, Baxmutun cənubunda Ukraynanın dörd irəliləmə cəhdini dəf edib.
Sentyabrın 8-də səhər Rusiya qüvvələri Ukraynanın Zaporojye və Sumı regionlarını raket atəşinə tutub, azı bir nəfər yaralanıb.
Kiyev bu arada Baxmut yaxınlığında "qismən uğur” qazandığını iddia edir.
Sumıda xəsarət alan olub-olmadığı bilinmir, bir fərdi ev dağılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 8-də səhər bildirib ki, ölkənin şərqində və cənubunda bir neçə şəhərə və kəndə Rusiyanın hücumlarının qarşısı alınıb.
Söhbət Donetskdəki Lıman, Baxmut və Şaxtarsk yaşayış məntəqələrindən gedir.
Ordu Baxmutun cənubunda Ukrayna qüvvələrinin "qismən uğur” qazandığını iddia edir. Əsgərlər "düşməni çıxarıb, öz mövqelərini möhkəmləndiriblər”.
Baş qərargah əsgərlərin Azov Dənizi səmtində də tədricən irəlilədiyini bildirib.
Rusiyanın Müdafiə Nazirliyi bu arada iddia edib ki, Baxmutun cənubunda Ukraynanın dörd irəliləmə cəhdini dəf edib.
Kiyev tənqidləri rədd edir
Cəbhə xəbərlərini müstəqil yoxlamaq mümkün deyil. Bu arada Ukrayna qüvvələri Baxmutu geri almağa çalışırlar.
Rusiya əsgərləri bu şəhəri mayda, bir neçə ay çəkən, şəhərdə dağıntılara səbəb olan döyüşlərdən sonra tutublar.
İyunda əkshücuma başlamış Ukrayna kampaniyanın ləng getməsi, sual doğuran taktikayla bağlı Qərb mediasının tənqidini rədd edib.
Prezident Volodimir Zelenski sentyabrın 7-də gecə videomüraciətində Ukrayna əsgərlərinə "işğalçıların məhvində çox, çox effektiv nəticələr”ə görə təşəkkür edib.
"Nəticələr də Ukraynanın hər kəsdən istədiyi kimidir”, – Ukrayna prezidenti deyib.
ABŞ Dövlət katibi Entoni Blinken (Antony Blinken) sentyabrın 6-da Kiyevə səfəri zamanı Ukrayna əsgərlərinin cəbhədəki "xeyli ürəkləndirici proqres”ini alqışlayıb.