Kiyevdə “Krım platforması”: yarımadanın qaytarılması yolları müzakirə olunacaq

Kiyevdə “Krım platforması”: yarımadanın qaytarılması yolları müzakirə olunacaq

23-08-2021 15:34 / Bu xəbər 1244 dəfə oxundu

Bazar ertəsi Ukrayna öz müstəqilliyi ərzində ən böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək.  
 
BBC xəbər verir ki, "Krım platforması” forumunda Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının qaytarılması yolları müzakirə olunacaq.  
 
Ukraynadan əlavə konfransda 44 ölkənin hökumət nümayəndələri iştirak edəcək: Avropa Birliyinin bütün üzvləri, ABŞ, Avstraliya, Gürcüstan, Kanada, Moldova, Şimali Makedoniya, Türkiyə, Yaponiya və Yeni Zellandiya.  
 
Nümayəndələrin arasında doqquz prezident, dörd baş nazir, 14 xarici işlər naziri və digər rəsmi şəxslər olacaq. 
 
Kiyevdə "Krım platforması”nın 2014-cü ildə itirilən Krımı  qaytarmağa kömək edəcək daimi müstəvi olacağına ümid edirlər. Amma Rusiya sammitin keçirilməsinə etiraz edib.  
 
Onun başlanması ərəfəsində Moskva Ukrayna XİN rəhbəri Dmitri Kulebaya və Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilova qarşı personal sanksiyalar tətbiq edib.  
 
Kremlin rəsmi mövqeyinə görə, Krım Rusiya ərazisidir və bu barədə heç bir müzakirə aparıla bilməz.