"Kölgə" nədir və niyə yaradılıb?

24-06-2020 18:58 / Bu xəbər 1765 dəfə oxundu

"Kölgə" Yardım Birliyi Almaniyada yaşayan bir qrup fədakar və cəsur azərbaycanlı mühacirlər tərəfindən yaradılmış təşkilatdır. Əsas məqsədi siyasi məhbuslara yardım etməkdir. Eyni zamanda qəsbkar tafya rejiminin zülümkar siyasətini qəti şəkildə pisləyir, məzlum Azərbaycan xalqının yanında olduğunu bəyan edir və dövlət mövcudluğunun davamını Əliyev hakimiyyətinin qeyd-şərtsiz getməsində görür.

Şəffaflıq və hesabatlılıq "Kölgə"nin əsas qayəsidir. Hər ay üzvləri qarşısında şəffaf hesabat təqdim edir. Hər bir azərbaycanlı qarşısında da fəaliyyətilə bağlı hesabat verməyə hazırdır.

"Kölgə" yarandığı gündən (11.09.2018) Avropada kimlərinsə siyasi sığınacaq alması üçün heç bir prosesdə olmayıb və olmayacaq. Heç kimə dəstək məktubu və bu kimi digər sənədlər verməyib. Məhz buna görə də, üzvlərinin sayı azdır. Lakin biz – "Kölgə" bundan narahat deyil, həqiqət bildiyimiz yolu dürüst və səmimi soydaşlarımızla addımlamağı, şərəf hesab edir, üstün tuturuq.

Hər kəsin diqqətinə çatdırırıq ki, sona qədər belə davam edəcəyik. Əmin olun ki, "Kölgə" Avropada heç bir qalmaqala və siyasi oyunbazlığa qarışmır və qarışmayacaq. 

Azsayımız, dürüstlüyümüz, səmimiliyimiz və fədakarlığımız fəaliyyətimizin əsasını təşkil edir.

"Kölgə" YB 2 il müddətinə seçilmiş İdarə Heyəti tərəfindən idarə olunur. Heç bir partiya və təşkilata bağlılığı yoxdur. Heç bir siyasi partiya və təşkilatı deyil, konkret halları və prinsipləri dəstəkləyir. Fəaliyyət prinsipi ədalət və əxlaqdır.

"Kölgə" Azərbaycanda və dünyanın istənilən ölkəsində azərbaycanlılara qarşı yanlış və qərəzli münasibəti pisləyir, daim əzilənin yanında durmağı hər şeydən üstün bilir. Məhz bu məqsədlə Rusiya-Azərbaycan sərhəddində saxlanılan 600 azərbaycanlıya qarşı Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) silahlı hücumuna etiraz olaraq, 22.06.2020-ci il tarixdə Almaniyanın Bonn şəhərində Rusiya Konsulluğunun qarşısında etiraz aksiyası təşkil etmişdir.

P.S. 22.06.2020-ci il tarixdə keçirilən aksiyanın bütün hüquqları "Kölgə" Yardım Birliyinə, foto, video və məlumatlar da "Kölgə"TV-ə aiddir. Heç bir mətbu orqan, jurnalist və bloger həmin aksiyada çəkiliş etməyib. Bütün çəkilişləri "Kölgə"TV edib. Aksiya haqqında məlumat, video və foto dərc edən jurnalist və bloger dostlardan xahiş edirik ki, müəllif hüququna hörmətlə yanaşsınlar.

"Kölgə" Yardım Birliyinin İdarə Heyətinin üzvü,
siyasi mühacir Cavid Cabbarlı
24.06.2020 - Almaniya