Könül Şamilqızı Rəsulzadənin həyat yoldaşının məzarını tapdı - FOTOLAR

Könül Şamilqızı Rəsulzadənin həyat yoldaşının məzarını tapdı - FOTOLAR

21-11-2017 19:15 / Bu xəbər 3638 dəfə oxundu

Türkiyədə yaşayan jurnalist, Müsavat Partiyasının Məclis üzvü və Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin üzvü Könül Şamilqızı Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla (Vanda xanım) xanımın məzarını tapıb. 

Arqument.Az xəbər verir ki, bu barədə Könül Şamilqızı feysbukda yazıb. 

O bildirib ki, Leyla Rəsulzadənin də məzarı "Əsri" məzarlığındandır: 

"Bir neçə gün öncə cümhuriyyət dövrünü araşdıran dostlarımızdan Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin dar gündə sirdaşı, həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın məzarının da "Əsri" məzarlığının xristian bölməsində olduğunu, amma o zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı. Uzatmayım, bu gün Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə "Əsri" məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur. Bu arada söhbət edərkən Zeynəb xanıma Rəsulzadənin xanımı Leyla xanımın da "Əsri" məzarlığında olduğunu dedim. "Biz onu bulduq", - dedi. Həyəcandan nəfəsim kəsiləcək kimi oldu. Dəqiləşdirməyə çalışdım". 

Şamilqızı daha sonra yazır: "O bunları dedi: "Daha əvvəl də bizdən sorudular. "Xristian məzarlığındadır, amma kimsəsi olmdığı üçün yəqin itib", - cavabını vermişdik. Çünki dəftərlərdə Vanda adlı birisinin məzarı qeyd olunmayıb. Bilgisayarda da yoxdur. Sonra yenə birisi yenə zəng etdi, sordu, mən yenə yoxdur dedim. O zəngdən sonra dəftərləri tökdüm, onu dəftələrin birində - xristian bölümündə tapdım. Amma Vanda deyil, Leyla Rəsulzadə kimi orada qeyd olunub. Arayan adamın nömrəsini almamışdım deyə məlumat verə bilmədim. Çox da üzüldüm". 

"Zeynəb xanım dəftəri göstərdi, fotosunu çəkdim. Məzarın yerini soruşdum.  "504 ada 55 parsel” dedi. Məzarlıq amiri Erol Güngör bey sağ olsun, "Sen bulamazsın, gel gidelim”, - dedi. Çünki iki 55 parsel var - torpaq məzarlar ve beton məzarlar olan. Leyla Rəsulzadenin məzarı beton məzarlar olan hissədədir. Erol bəylə məzara getdik. Başdaşı yoxdu, qırılıb. Məzar durur. Üzərində Leyla xanıma aid olduğunu göstərən heç nə yoxdu. Amma Erol bəy "kütükler de, hristiyan bölümü olması da, tarix de, sol ve sağındakı mezarların üstünde olan iller de örtüşür, başqası olma ehtimalı yoxdu”, - dedi. Bunları paylaşmağı lazım bildim, sonrası tarixçilərin işidir. Mən əlimdən nə gəlirsə etməyə hazıram. 
 
İdarəyə getməmişdən öncə böyük Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmişdim. Leyla xanımın məzarını tapınca bir də qayıtdım. "Rahat yat, səndən qalan hər şeyi tapacağıq, sahib çıxacağıq, səni sevdiyimiz kimi sevəcəyik", - dedim", - jurnalist yazıb.