Koçaryan: “Danışıqlar Bakı, Qarabağ və Moskva arasında aparılacaq”

Koçaryan: “Danışıqlar Bakı, Qarabağ və Moskva arasında aparılacaq”

29-09-2022 12:51 / Bu xəbər 903 dəfə oxundu

"Qarabağ hakimiyyəti Azərbaycanla əməkdaşlıq etməlidir”

"Azərbaycan istədiyi zaman qarabağlılar üçün çıxılmaz vəziyyət yarada bilər. Bu, Qarabağ hakimiyyəti üçün niyə Azərbaycanla əməkdaşlıq etməli olduğunun daha bir izahı olar”.

Bunu sentyabrın 28-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gələcək danışıqlar prosesi Bakı və Stepanakert (Xankəndi), müəyyən dərəcədə də Moskva arasında aparılacaq.

Robert Koçaryan hesab edir ki, Qarabağ hakimiyyəti müəyyən qədər bu vəziyyətlə barışıb.

"Bu gün Moskvayla Bakının müttəfiqlik münasibətləri var və Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyata başlaya biləcəyini düşünmək gülüncdür, belə bir şey olmayacaq”,- keçmiş prezident belə deyib.

R.Koçaryan Zəngəzur mövzusuna toxunaraq bildirib ki, Ermənstan İranla hərbi əməkdaşlığını gücləndirməlidir: "Biz Sünikdə İranla minimum iki hərbi təlim keçirməli idik. Bu, Azərbaycan üçün ən böyük çəkindirici amil olardı”.

O iddia edir ki, 2021-ci ilin mayında İran tərəfi hərbi əməkdaşlığa dair danışıqlar aparıb, amma Ermənistan hakimiyyəti onları dondurub.

Türkiyənin qarşısının alınmasına gəlincə, sabiq prezident əmindir ki, hazırkı vəziyyətdə buna nə Rusiyanın, nə ABŞ-ın, nə Fransanın gücü çatar: "Bu ölkələrin liderlərinin milli maraqların müdafiəsi üzrə master-klass nümayiş etdirən Türkiyə lideri Ərdoğana təsiri yoxdur”.

O, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında çağırışları axmaqlıq sayır.

R.Koçaryan ölkəsinin mövcud vəziyyətdən çıxması üçün ilk addım kimi sosial konsolidasiya olduğunu deyib: "Bunsuz heç nə işləməyəcək. Konsolidasiya mücərrəd deyil, yüksək məqsədlər üçündür. İndi hansı fikirlər səslənir: gəlin bir araya gələrək çətin qərar qəbul etməyə kömək edək. Konsolidasiya xalqı qələbəyə sövq etmək üçün həyata keçirilir, təslim olmaq üçün konsolidasiyaya ehtiyac yoxdur”.

Bu kontekstdə Ermənistanın ikinci prezidentinin fikrincə, hakimiyyətin dəyişdirilməsi imperativ tələbdir.

"Parlamentli ölkədə o, tam və ya qismən ola bilər. Məsələn, parlament başqa Baş nazir seçirsə, əslində bu, qismən hakimiyyətin dəyişməsidir, çünki nəzarət paketi bu siyasi komandada qalır. Bizi xəstə edən mühitdə sağalmaq mümkün deyil. Biz bu mühiti dəyişməliyik”, – deyə Robert Köçəryan fikrini yekunlaşdırıb.

R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.

O, 1954-cü ildə Azərbaycan SSR-də anadan olub.

1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı "Miatsum” hərəkatına qoşulur və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilir.

1991–1992-ci illərdə Dağlıq Qarabağ Ali Sovetinin deputatı, 1994-cü ildən 1996-cı ilədək qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olub.

1997-ci ilin martında Ermənistanın Baş naziri təyin edilib. 1 il sonra Levon Ter-Petrosyan istefaya göndərilir və R. Koçaryan prezident seçilir.