Kollecin hüquqşünası yenidən işini itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyir
10-10-2024 00:52 / Bu xəbər 504 dəfə oxundu
Aynura Muradova: "Sevinc Həmzəyeva əvvəlki direktorun adamıdır, mənimlə ədavət aparırlar”
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Qida Sənayesi Kollecinin hüquqşünası Aynurə Muradova yenidən işdən çıxarılma təhlükəsi ilə üz-üzə olduğunu deyir.
Vətəndaş Meydan TV-yə bildirir ki, 2023-cü ilin yanvarında kollecdə keçirilən imtahanlarda köçürmələrlə bağlı görüntüləri sosial şəbəkələrdə paylaşandan sonra rəhbərliyin ona qarşı mövqeyi dəyişib.
Dediyinə görə, kollecin əvvəlki direktoru Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva şikayətlərdən sonra onunla ədavət aparmağa başlayıb.
2024-cü ilin iyununda isə Qida Sənayesi Kollecinin rəhbər heyətində dəyişiklik olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Gəray Musayevin də iştirak etdiyi tədbirdə tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva direktor təyin olunub.
"Qida Sənayesi Kollecində fəaliyyətə başladığım gündən rəhbərlik mənə qarşı qərəzli mövqedə olub. Çünki mən onların etdikləri saxtakarlıqları, dediklərini hüquqşünas kimi yerinə yetirmirdim. Onların saxta işlərinə şərik olmurdum. Direktorla bərabər barəsində şikayət etdiyim Sevinc Həmzəyevanı yeni direktor təyin ediblər. Bu, Kollec kollektivindən xeyli müddət gizlədilib. Çünki Sevinc Həmzəyeva əvvəlki direktor Vilayət İsmayılovun öz adamıdır. O, öz adamını qoydu ki, kollecdə yoxlama aparılmasın”, – deyə o qeyd edib.
"Sevinc Həmzəyeva bir ay direktor əvəzi işlədi, sonra vəzifəsi təsdiqləndi. Həmin vaxt mən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə şikayət etdim. Səs yazısını da göndərmişdim ki, bu, savadsızın biridir, bundan direktor olmaz. Lakin Agentlik şikayətimlə maraqlanmadı”, – şikayətçi deyir.
Aynurə Muradova bildirir ki, rəhbərlik dəyişəndən sonra ona qarşı "soyuq müharibə” başlanıb: "Adımı əmrlərdən çıxarıblar. Məndən nə təqdimat alır, nə əmr göndərir. Hər dəfə kadrlar şöbəsindən soruşuram ki, bu nə söhbətdir? Cavabında deyir ki, elə-belə əmrlərdir. Əmrin də elə-beləsi olur? Mən burada niyə oturmuşam? Mən əslində hüquqşünas kimi öz vəzifələrimi bilirəm. Nizam-intizam komissiyasında olmalıyam. İmtahan Komissiyasında üzv olmalıyam. Tədbirlərdə iştirak etməliyəm. Məni hər şeydən uzaqlaşdırıblar”.
"Hər gün işə gəlib, kukla kimi otururam, heç bir iş görmürəm, çünki vəzifələrimi alıblar. Çay içirəm, yeməyimi yeyib çıxıb evimə gedirəm. Heç nəyə qarışmaq hüququm yoxdur. Bunlar mənə qurğu qururlar. İşdə olduğum halda adım bütün əmrlərdən çıxarılırsa, görünür, məni işdən çıxarmağa hazırlaşırlar. Yanvarda ştatım ləğv olunur. Bəri başdan deyin, özümə iş axtarım. Mənə niyə əmr vermirsiniz? Bəlkə, məni töhmətlə çıxaracaqsınız? Hüquqşünas bütün əmrlərin hazırlanmalarında iştirak etməlidir”, – Aynurə Muradova deyib.
Qida Sənayesi Kollecinə etdiyimiz zənglər cavablandırılmayıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, məsələ araşdırılacaq.