Kollegiya vəkillərdən beynəlxalq aksiyaya etiraz tələb edir?

Kollegiya vəkillərdən beynəlxalq aksiyaya etiraz tələb edir?

27-01-2021 14:11 / Bu xəbər 1643 dəfə oxundu

Hər il yanvarın 24-ü (artıq 44 ildir) dünyada Təhlükədəki Vəkillər Günü kimi qeyd olunur. 

Belə ki, 1977-ci ilin məhz bu günü İspaniyanın Madrid şəhərində 4 hüquqşünas və bir ofis işçisi peşə fəaliyyətini icra edərkən qətlə yetirilib.

2021-ci ildə isə ilk dəfə olaraq, dünyanın müxtəlif ölkələrində Azərbaycanda təzyiqlə üzləşən vəkillərlə bağlı çağırış edilib. 

Bundan öncə Çin, Filippin, Honduras, İran, İspaniya, Kolumbiya, Misir, Pakistan və Türkiyədə təzyiqə məruz qalan vəkillərə dəstək nümayiş etdirilmişdi.

Yanvarın 23-də isə Türkiyənin İzmir şəhərində azərbaycanlı vəkillərin qorunması üçün mübarizə çağırışı edilib. 

İzmir Vəkillər Bürosu, Çağdaş Hüquqşünaslar Dərnəyi və Azad Hüquqşünasları Dərnəyi tərəfindən imzalanmış bəyanat səsləndirilib.

"Azərbaycanlı vəkillər və hüquqşünaslar - Elçin Sadıqov, Cavad Cavadov, Nemət Kərimli, Şəhla Hümbətova, Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layıc, Fərhad Mehdiyev, Müzəffər Baxışov, Xalid Bağırov, İntiqam Əliyev və bənzər vəziyyətdə olan digər azərbaycanlı vəkillərin durumuna diqqət çəkmək istəyirik”, - bəyanatda bildirilir. 

Bəyanat qeyd olunur ki, bütün dövlət qurumları və vəkil kollegiyaları, fəaliyyətlərinə görə vəkilləri təhdidlərdən, təqiblərdən və digər qanunsuz müdaxilələrdən qorumaq üçün addımlar atmalıdır. 

Vəkillərin ifadə azadlığını məhdudlaşdıran etik qaydalar dəyişdirilməli və AİHM-nin vəkillərin ifadə azadlığı ilə bağlı məhkəmə qanununa uyğunlaşdırılmalıdır. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə feysbuk səhifəsində açıqlama yayıb və bildirib ki, kampaniya qərəzlidir: "Xaricdə bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar, bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər. Son illər ölkədə vəkillik sahəsində aparılan və cəmiyyətimiz tərəfindən  alqışlanan islahatları, uğurları görmək istəmirlər. Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil". 

"Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm", - Kollegiya sədri qeyd edib. 

Arqument.az-a verilən məlumata görə, Vəkillər Kollegiyası artıq beynəlxalq tədbirə qarşı kampaniyaya başlayıb. Belə ki, beynəlxalq aksiyaya etiraz edən bəyanat hazırlanıb və hətta adları çəkilən və plakatları nümayiş etdirilən vəkillərə zəng edərək hazırladıqları sənədə imza atmağı tələb ediblər. 

"Vəkillərə deyirlər ki, bu sənədi imzalayın. Həmin sənəddə də qeyd olunur ki, vəkillərə heç bir təzyiq yoxdur, onlara demədən fotoları yayılıb, təzyiqə məruz qaldıqları iddia edilib. Bir sözlə, vəkillərdən beynəlxalq kampaniyaya etiraz etmək tələb olunur", - məlumatda bildirilir. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Arqument.az"a iddianı təkzib edib. O bildirib ki, Vəkillər Kollegiyası heç bir vəkildən sənədə imza atmağı tələb etməyib: "Mən və Kollegiya heç bir vəkildən sənədə imza atmağı tələb etməmişik".

Vəkillər Kollegiyası tərəfindən hazırlandığı iddia olunan bəyanatın surəti: