Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasına qərar verib
27-06-2024 15:08 / Bu xəbər 773 dəfə oxundu
Məhkəmə hesab edir ki, qərar qətidir və heç bir qurum tərəfindən dəyişdirilə bilməz
İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Məhkəmə Prezidentin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğuna dair sorğusuna baxıb.
Konstitusiya Məhkəməsinin qərarına görə, "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi barədə” 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında ölkə başçısı tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyanın 981-ci maddəsinə uyğundur: "Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”.
İyunun 21-də Azərbaycan Milli Məclisi Prezident İlham Əliyevə müraciət edərək həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər: "YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.
Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
İyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında ölkə başçısına müraciət haqda qərar qəbul edilib.
Toplantıda çıxış edən YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, deputat Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir: "Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.
Mayın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin vaxtının önə çəkilə biləcəyi haqqında açıqlama vermişdi.
Məzahir Pənahov demişdi ki, 2024-cü ilin noyabrında parlament seçkiləri olmalıdır: "Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.
Azərbaycanda Milli Məclisə seçkilər sonuncu dəfə 2020-ci ilin fevralın 9-da keçirilib.
Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 5-də "V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalamışdı.
Sərəncama əsasən, V çağırış Milli Məclis buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları 2019-cu ilin dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər.