Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticəsini təsdiqlədi

Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticəsini təsdiqlədi

13-02-2024 14:39 / Bu xəbər 642 dəfə oxundu

Əliyev yaxın 3 gün ərzində and içəcək

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilən Prezident seçkilərinin nəticəsini təsdiq edib.

Bu barədə Konstitusiya Məhkəməsinin fevralın 13-də keçirilən iclasında qərar qəbul edilib.

Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsaslanaraq bildirib ki, İlham Əliyev 92.12 faiz səslə Prezident seçkilərində qalib gəlib.

Konstitusiyanın 103-cü maddəsinə görə, Prezident seçilmiş şəxs seçki yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

And içdiyi gündən Azərbaycanın Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib.

Seçkiyə 7 namizəd qatılıb.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.

"Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edirdi.