Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi

Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi

17-04-2018 17:42 / Bu xəbər 2878 dəfə oxundu

Aprelin 17-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında prezident seçkilərinin yekunları müzakirə edilib. 

Məhkəmə Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələrini təsdiq edib.

İclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov seçki barədə məlumat verib. 

O, seçkiləri 61 beynəlxalq təşkilatın və 59 ölkədən 894 beynəlxalq müşahidəçinin izlədiyini, 1000 məntəqədə veb-kamera quraşdırıldığını, seçicilərin fəallığının 74.30 faiz olduğunu bildirib: 

"MSK-nın qərarına əsasən, 57 saylı Kürdəmir Seçki Dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd Seçki Dairəsinin 12 saylı məntəqəsində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir Seçki Dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd Seçki Dairəsinin 12 saylı məntəqəsinin seçki komissiyaları isə buraxılıb".

4 məntəqədə nəticələrin ləğvi pozuntularla izah edilib. MSK sədri bildirib ki, qeyd olunan məntəqələrdə seçkinin nəticələrinin ləğvi ümumi nəticəyə təsir etməyib. O, hakimlərinin suallarını da cavablandırıb.

İclasa ekspert qismində dəvət olunan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov seçkilərin azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Hakimlərin müşavirəsindən sonra sədr F.Abdullayev plenumun qərarını elan edib, nəticələri təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, İlham Əliyev 86.02 faiz səslə prezident seçkilərində qalib gəlib.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Bundan 4 gün sonra, aprelin 15-də MSK səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə də qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. 

Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Başqa tərəfdən, hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. 

Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.