Koronavirus həbsləri: "Repressiya tətbiq edən iki ölkə var: biri Rusiyadır, biri Azərbaycan"

Koronavirus həbsləri:

17-05-2020 04:59 / Bu xəbər 3708 dəfə oxundu

Azərbaycan hakimiyyəti pandemiyadan fəallara qarşı sui-istifadədə ittiham olunur...

Koronavirus pandemiyası ilə bağlı dünya ölkələrin çoxunda sosial izolyasiya tədbirləri həyata keçirilir, karantin rejimi elan olunub.

Azərbaycanda sosial izolyasiya martın 14-dən, karantin rejimi isə həmin ayın 24-də elan edilib.

Bu dövr ərzində bir çox müxalif fəalın, jurnalistlərin inzibati həbsə, cəriməyə , təzyiqə məruz qaldığı xəbərləri yayılıb.

İnzibati həbsə məhkum olanlardan əskəriyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir.

Martın sonlarından bəri 15 AXCP üzvü inzibati həbs cəzası alıb, 2 AXCP üzvü isə cinayət məsuliyyətinə cəlb olunub, onların biri barəsində hökm oxunub.
Həbs olunan fəllar

Bu dövr ərzində karantin rejimini  pozmaq və polisin qanuni tələbinə abe olmamaq ittihamları ilə sutkqalıq həbslərə məhkum olunmur siyasi fəalların bir neçəsinin adın çəkmək olar. Belə ki, Anar Məlikov 10, AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli 30, AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov 30, Nicat Abdullazadə 30, Vüqar Əbilov 20, Şəmsi Kəsəmənli 15, Baba Süleyman 30, AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov 30, İslam İslamzadə 30, Əvəz Əhmədov 20 Arif Babayevə 30, Sərdar Qubadsoy 25, Elvin Məmmədov 30, Ramid Nağıyev 30, Əliağa Məmmədov (Əli İmanxanlı) 30, Elxan Əliyev 30 sutka, ADR Hərəkatından isə Şakir Məmmədli inzibati həbs cəzası alıbar.
 
Martın 24-də cəbhəçi Zamin Salayev barəsində qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.

Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. 

Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Daha sonra "Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə qarşı xuliqanlıq ittihamı ilə cinayət işi açılıb.
 
AXCP üzvlərndən başqa, digər ictimai fəallar da həbs olunub. Belə ki, aprelin 10-da axşam saatlarında Lənkəranda saxlanılan ictimai fəal Nəriman Abdullaha aprelin 11-də Lənkəran Rayon Məhkəməsi 12 sutka inzibati həbs qərarı çıxarıb.
Nəriman Abdullah

Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 maddəsi ilə (karantin dövründə qadağan edilən informasiyanın yayılması) cəzalandırılıb.

Yerli hüquq  müdafiəçiləri fəalların və jurnalistlərin həbsini siyasi və peşə fəaliyyəti ilə əlaqələndirsə də, Azərbaycan hakimiyyəti bu ittihamları qəbul etmir, onların həbsinin qanuni olduğunu bildirir.

Azərbaycanda siyasi fəalların həbsi beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən tənqid olunur. Onlar Azərbaycan hakimiyyətini qlobal böhrandan siyasi fəallara qarşı repressiyada sui-istifadə etməməyə çağırır.

AXCP fəalı zorla Maştağadakı psixiatriya xəstəxanasına yerləşdirilib

AXCP fəalı Aqil Hümbətov isə Maştağadakı psixiatriya xəstəxanasına yerləşdirilib.

Bu barədə partiya rəsmi bəyanat yayıb. 
Aqil Hümbətov

"Hazırda Maştağadakı psixiatriya xəstəxanasında saxlanılan Aqil Hümbətovun həyatı təhlükədədir. Bu barədə onun xanımının yaydığı məlumatdan bəlli olur. Belə ki, Aqil Hümbətov bu gün səhər saatlarında xanımı ilə telefon danışığında deyib ki, onu xəstəxanada dəli edə bilərlər. Əgər belə olsa, onu xəstəxanada saxlamasınlar, evə aparıb evdə qulluq etsinlər. Bundan əvvəl də Aqil Hümbətov ailəsilə telefon danışığında demişdi ki, ona edilən iynə-dərmanın təsirindən özünü yaxşı hiss etmir", - açıqlamada deyilir. 

Tofiq Yaqublu şərləndiyini deyir

Müsavat Partiyasının və Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu da pandemiya dövründə həbs edilib. 

Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarəti yetirmə ittihamı ilə həbs edilib. Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. 

İddiaya görə, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu isə ittihamı rədd edib, təxribatla üzləşdiyiyini, həbsin siyasi sifariş olduğunu bildirib.

Həbs Azərbaycan prezidenti İlham Əliyevin çıxışında müxalifətin ünvanına təhdidlər səsləndirməsindən bir neçə gün sonra baş verib. Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Tofiq Yaqublu 

Tofiq Yaqublunun "cinayəti" onun park edilmiş avtomobilinə başqa maşının vurmasından və avtomobildəki şəxslərin ona hücum etməsindən ibarətdir. Daha sonra həmin şəxslər Yaqublunu ittiham ediblər.

Bir çox beynəlxalq təşkilatlar Tofiq Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.

Yerli və beynəlxalq təşkilatlar həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin şəkildə tənqid etməsi və "Facebook"dakı yazılarının olduğunu bəyan ediblər. 

AŞPA-dan reaksiya 

İlk reaksiya Martın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərindən gəlib. 

Məruzəçilərdən Sör Rocer Geyl öz etirazını bu şəkildə bildirib: "Azərbaycan hökümətinin rüsvayçı şəkildə pandemiyadan siyasi müxalifətə qarşı təqiblər aparmaq üçün sui-istifadə etməsi məni heyrətləndirir və dəhşətə gətirir. Hər hansı dövlət başçısının ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün etməsi inanılmazdır”.

İnsan hüquqları və söz azadlığı sahəsində onlarla beynəlxalq qeyri-hökumət təşkilatını birləşdirən İnsan Hüquqlarını Müdafiə Evləri Şəbəkəsinin (HRHF) pandemiya şəraitində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı bəyanatında yayıb.

Bəyanatda deyilir ki, martın 17-də Azərbaycan Parlamenti informasiya haqqında qanuna COVİD-19 böhranı şəraitində dezinformasiyaya görə məhkəmə nəzarəti olmadan cəza nəzərdə tutan dəyişiklikləri təsdiq edib.

Qurum hesab edir ki, bu dəyişikliklər jurnalistləri və azad KİV-ləri çoxdan təqib edən hakimiyyət tərəfindən sui-istifadə hallarına gətirib çıxara bilər. Qanunvericilik cəmiyyətin sağlamlığının keşiyində durmalıdır, KİV-in azadlığının daha da məhdudlaşdırılması üçün istifadə edilməməlidir.

"Repressiya və İşgəncələr Əleyhinə Komitə" təzyiqləri pisləyir...

"Repressiya və İşgəncələr Əleyhinə Komitə" Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası ilə bağlı tətbiq etdiyi karantin rejimindən siyasi rəqiblərinə qarşı sui-istifadə faktlarını, siyasi rəqabət prosesini sivil müstəvidən düşmənçilik müstəvisinə gətirməsini müzakirə edərək və pisləyərək bəyanatla çıxış edib.

Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker böhran dövründə Azərbaycandakı siyasi vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir, pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz. Azərbaycan hökuməti cərimələr, həbslər, təqiblər vasitəsilə öz xalqının ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi narahatlıq doğurur.
 
Anar Məmmədli: "Koronavirusun yaratdığı fövqəladə vəziyyət şəraitində həbslər sui-istifadədir"

Hüquq müdafiəçisi Anar Məmmədli Arqument.Az-a bildirib ki, Azərbaycanda karantin dövrü siyasi fəallara, müxalif partiya təmsilçilərinə qarşı repressiyalarla müşahidə olunur. 

O hesab edir ki, baş verən prosesi konkret olaraq koronavirusun yaratdığı fövqəladə vəziyyət şəraitində sui-istifadə halları adlandırmaq olar.

"Elə dönəmdəyik ki, vətəndaşlara, əsasən də siyasi fəallara hüquqi yardım göstərə bilmirik. Baş verən təqiblər və həbslərlə bağlı həm yerli həm də beynəlxalq ictimaiyyətin reaksiyasını anında formalaşdırmaq çətinləşir", - deyə hüuq müdafiəçisi vurğulayır.
 

Anar Məmmədi 

Hüquq müdafiəçisi təqibləri sosial-qitisadi çıxışlarla da əlaqələndirir: "Bu dönəmdə həmçinin insanların vaxtaşırı sosial-iqtisadi mövzularda çıxışları olur. Sanki siyasi fəallara qarşı həbslərlə həmin çıxışları edən insanları qorxutmaq məqsədi güdülür. Ümumilikdə baş verənlər qeyri-insani siyasi davranışın göstəricisidir. Bu təqiblərin davam etməsi ölkədə hakimiyyətin siyasi qorxu mühitinin saxlanılmasında maraqlı olduğununa işarədir. Burada əsas niyyət insanları fərqli fikirlərinə görə nələrəsə etiraz etmək, fərqli fikirlərə sahib qruplarda birləşmək istəklərinin  qarşısına sədd çəkməkdir”.

Hüquq müdafiəçisi deyir ki, Avropa Şurası ölkələri arasında pandemiya böhranı dövründə ən çox siyasi repressiya tətbiq edən iki ölkə var: biri Rusiyadır, digəri Azərbaycan.

"Dünyanın epidemiyaya qarşı mübarizə apardığı bir dönəmdə öz vətəndaşlarına qarşı repressiya aparmaq heç bir siyasi rejimə baş ucalığı gətirmir”, - deyə Anar Məmmədi qeyd edib. 

Pərvanə Qurbanlı