Koronavirus kommunikasiyası və feyk məlumatların pandemiyası

Koronavirus kommunikasiyası və feyk məlumatların pandemiyası

31-05-2020 23:25 / Bu xəbər 1703 dəfə oxundu

Tariyel Calallı

Karantin və koronavirus pandemiyası kommunikasiya və ictimai rəyə təsir baxımından çox maraqlı bir fenomendir. Dünyanın bir çox ölkəsində cəmiyyətin bir hissəsi Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) və öz hökumətlərindən koronavirusla bağlı aldıqları məlumatlara inanır, tövsiyələrə əməl edir, başqa bir hissəsi isə rəsmi məlumatlara inanmır. 

Bəziləri koronavirusu uydurma sayır, bunun sadəcə normal bir qrip olduğunu düşünür və hesab edirlər ki, koronavirus süni virusdur. Guya onu Bill Qeyts uydurdub ki, virusa qarşı peyvənd bəhanəsi ilə insanların bədəninə 5G üzərində işləyən çiplər daxil etsin. Bu tipli feyk məlumatların, manipulyasiyaların sayı günü-gündən artır. Koronavirusun sarımsaq, zəncəfil, araq və digər üsullarla müalicəsi haqda olan feyk məlumatlar da geniş yayılır. Ən maraqlısı odur ki, təkcə MDB ölkələrində deyil, ABŞ və dünyanın bir çox inkişaf etmiş dövlətlərində insanlar bu cür saxta məlumatlara, şayiələrə, konspirologiya nəzəriyyələrinə inanırlar. Bu, kifayət qədər paradoksal bir sosial fenomendir və onun səbəblərini nəzərdən keçirməyə cəhd edəcəyəm.

İnfomasiya pandemiyasının səbəbləri

Əvvəla ondan başlayım ki, koronavirusu uydurma hesab edən və Bill Qeyts haqda şayiələrə inanan adamlar öz hökumətlərinə, səhiyyə nazirliklərinə inanmırlar. Bir qədər ümumi şəkildə desək, birinci səbəb - ictimai-siyasi sistemlərdə legitimlik böhranının olmasıdır. Yəni insanlar öz hakimiyyətlərinə etibar etmirlər, onların legitimliyinə şübhə ilə yanaşırlar. MDB ölkələrində bu inamsızlığı başa düşmək olar: sovet keçmişi, illərlə həqiqətin gizlədilməsi, Sov. İKP və Politbüronun ictimai rəylə manipulyasiyası, NKVD dəhşətlərinin hələ də genlərimizdə oturması, seçkilərin saxtalaşdırılması və s.

MDB-ni başa düşdük. Bəs ABŞ? Axı orada demokratiya var, orada niyə belə inamsızlıq olsun? Əslində, ABŞ-ın siyasi sisteminə nəzər salsaq, görərik ki, indiki prezident Donald Tramp 2016-cı ilin prezident seçkiləri kampaniyası zamanı özünü "sistemdən olmayan adam" kimi qələmə verirdi.  Eyni şüarla builki prezident seçkiləri kampaniyasında Demokrat Partiyasından olan namizədlər də çıxış edirdi (Elizabet Uoren və  Berni Sanders). Bundan əvvəl isə 2008-ci ildə Obama özünü "sınmış Vaşinqton"u təmir edəcək namizəd kimi təqdim edirdi. Amerikanın prezident seçkiləri tarixində bu tip misallar çoxdur. Bütün namizədlər "mən sistemi dəyişəcəyəmm" deyir, sonradan məlum olur ki, o özü bu sistemin tərkib hissəsidir. 

ABŞ-ın bütün siyasi sistemi elə qurulub ki, Respublikaçı və Demokrat partiyalarından başqa üçüncü partiyanın siyasi səhnəyə çıxması mümkünsüzdür. Hətta son illərdə müəyyən uğurlar nümayiş etdirən Çay Pariyası (Tea party) da siyasi səhnəyə yol tapa bilmədi. Eynisi də prezidentliyə namizədlərin başına gəlir. Media, influenserlər, sosial media ancaq bu iki partiyadan olan namizədlərə diqqət ayırır, digərləri sanki yoxdur. Və nəticədə, seçicilər istədikləri namizədi deyil, sistemin onlara təklif etdiyi namizədi seçmək zorunda qalır və elə bu səbəbdən də ABŞ-da hakimiyyət orqanlarına inamsızlıq və narazılıq  artır. İnsanlar bütün siyasi manipulyasiyaları görürlər. 

Amerikanın səhiyyə sistemi isə ümumiyyətlə insanların normal müalicə almasını, öz səhhətlərinin qayğısına qalmasını çox bahalı edir. Sosial-iqtisadi baxımdan isə varlılar daha da varlanır, kasıblar isə daha da kasıblaşır. Bütün bunlar isə inamzılıq yaradır, legitimlik böhranını artırır. Nəticədə, insanlar rəsmi məlumatlara inanmır, daha çox qeyri-rəsmi məlumatlara üstünlük verirlər və düşünürlər ki, hakimiyyət yenə nəyisə gizlədir, manipulyasiya edir və koronavirus da bu tipli manipulyasiyalardan biridir. Bütün bunlar da feyk məlumatlar və şayiələr üçün münbit zəmin yaradır.

İkinci səbəb koronavirus ətrafında olan kommunikasiya prosesidir. Lap əvvəldən koronavirus bütün planeti yoluxdura biləcək ciddi virus kimi qavranılmırdı. Hamı onu vaxtilə əsasən Cənub-Şərqi Asiyada tüğyan edən atipik pnevmoniya ilə eyniləşdirirdi. Virus daha şox "Çin virusu" kimi qəbul edilirdi. Bəzi KİV-lərdə və sosial media da isə virusun ancaq etnik xarakter daşıdığı və ABŞ tərəfindən sırf çinliləri yoluxdurmaq üçün yaradılmış bir virus olduğu deyilirdi. Bu vəziyyət bir neçə həftə davam etdi. Yalnız İtaliyada faciə başlayandan sonra virusun nə dərəcədə ciddi olduğu adamlara çatdı. Ümumi şəkildə desək, koronavirus ciddi virus kimi qəbil edilmirdi və bir sıra ölkələr kommunikasiya baxımından  ona hazır deyildilər.

Üçüncü səbəb: virusun özünün çox qəribə şəkildə keçməsi. Məsələ burasındadır ki, bəzi ölkələrdə virus çox sürətlə yayılır, bəzi yerlərdə yavaş, bəzi ölkələrdə ölüm faizi yüksəkdir, digər yerlərdə isə o aşağıdır. Bir sıra ölkələrdə tətbiq edilən karantin tədbirləri nəticəsində  ölüm hallarını minimuma endirmək mümkün oldu, bəzi ölkələrdə isə karantinsiz də ölüm faizi aşağı idi. Məsələn, Belarusda 33 mindən çox adam virusa yoluxub, ölənlərin sayı isə 185 nəfərdir (statistika yazı yazılan dövrü əks etdirir - red.), halbuki orda karantin yoxdur. Əfqanıstanda isə səhiyyə sistemi çox zəifdr, amma di gəl yoluxanların sayı 9200, ölənlərin sayı isə 205-dir. MDB ölkələrindən olan xəstələrin müalicə üçün getdiyi İtaliyada isə əsl faciə baş verdi, halbuki bu ölkənin səhiyyə sistemi olduqca inkişaf etmiş sayılırdı. Bir sözlə, hər bir ölkədə virusun gedişatına çoxlu faktorlar təsir edir, insanlar bu fenomenin özünü tam başa düşmürlər. Və bütün bunlar müxtəlif manipulyasiyalar, uydurmalar üçün münbit zəmin yaradır. 

Dördüncü səbəb karantinin insan həyatına göstərdiyi təsirdir. İlk baxışdan insanların evdə oturmasında, çölə çıxmamasında çətin heç nə yoxdur, amma əslində karantin insanların psixikasına çox neqativ təsir göstərir. Karantin insanlarda psixoloji gərginlik yaradır, adamlar günboyu İnternetdə oturub koronavirus haqqında feyk məlumatları, şayiələri oxuyur. Karantinin törətdiyi stress fonunda insanlar müxtəlif feyk xəbərlərə, uydurmalara daha çox inanmağa meylli olurlar. Stressli vəziyyət iqtisadi problemləri daha da dərinləşdirir, belə ki, böyük bir qism gəlirdən məhrum olub və öz hakimiyyətlərinə qarşı daha çox aqressivləşib.

Beşinci səbəb. Nə qədər qəribə səslənsə də, koronavirusa inanmayan və hər şeydə Bill Qeytsi günahkar hesab edən insanlar bir qayda olaraq rəsmi mediada və rəsmi qaynaqlardan yayılan məlumatları deyil, sosial mediada digər istifadəçilər tərəfindəın yaradılan kontenti (USG-user generated content) paylaşmağa üstünlük verirlər. Bu məqamda vəziyyətə daha bir faktor əlavə olunur. Məsələ burasındadır ki, rəsmi məlumatlara inanmayan insanlardan başqa, qəsdən feyk məlumat yayan, şayiələr buraxan, "hayp" tutmağa və "like" qazanmağa çalışanlar da var. Onlar sosial şəbəkədə öz sosial statuslarını gücləndirmək üçün bu tipli kontent yaratmağa çalışırlar. Həmin kontentdə də Bill Qeyts haqqında şayiələr tirajlanır, koronavirus haqda həqiqətin gizlədildiyi idda olunur və s. Bir sözlə, hakimiyyətə inanmayanlarla yanaşı uydurma kontent yaradan istifadəçilər də var.  Bu isə çoxlu sayda şayiə və uydurmanın yaradılmasına və daha geniş yayılmasına öz töhfəsini verir.

          
Nəzəriyyə nə deyir?

Kommunikasiya nəzəriyyəsində KİV və sosial şəbəkələrdə şayiə və saxta məlumatların yayılmasını izah edən bir sıra nəzəriyyələr var. Amma "istifadə və  məmnuniyyətlər nəzəriyyəsi" (Uses and gratifications theory), mənim fikrimcə, bu və ya digər kontentin yayılması səbəbini tam izah edir. Nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, insanlar media və sosial mediadan alınan kontentin aktiv istifadəçiləridir. Və məhz  insanlar özləri qərar verirlər, hansı kontentdən istifadə etsinlər, onu paylaşsınlar. Adamlar bu və ya digər kontenti seçərkən öz şəxsi prioritetlərinə, dəyərlər sisteminə, ehtiyaclarına uyğun olaraq seçirlər. Sadə şəkildə desək, adamlar sosial şəbəkələrdə o tip məlumatları paylaşırlar ki, bu, onların şəxsi prioritetlərinə uyğun olsun, onlara öz ehtiyaclarını ödəməyə imkan versin. Hazırkı situasiyada əsas ehtiyaclardan biri isə hakimiyyətə qarşı etirazı bildirməkdir, yaxud virusun o qədər də təhlükəli olmadığını özünə təlqin etmək, onun adi qripdən heç nə ilə fərqlənmədiyini düşünüb öz psixikasını sakitləşdirmək ehtiyacıdır. Məhz bu səbəbdən insanlar koronavirusun zəncəfil, sarımsaq və araqla müalicə olunduğu haqda məlumatları paylaşarkən bunu kimisə aldatmaq üçün deyil, özlərini sakitləşdirmək üçün edirlər. 

Bununla necə mübarizə aparmaq olar?

Bu tipli kommunikasiyanı necə dayandırmaq və ona qalib gəlmək olar? Təcrübə göstərir ki, sadə inandırmanın, arqumentlərin gücü o qədər də böyük deyil. Bu cür kommunikasiya auditoriyanın müəyyən qisminə təsir edir, amma auditoriyanın böyük qismi əvvəlkitək arqumentlərə inanmır. Nəticədə, bir çox ölkələrdə hökumətlər, beynəlxalq strukturlar hər bir saxta məlumatı təkzib etmək zorunda qalırlar. Bəzi ölkələrdə isə hakimiyyət qadanğanedici tədbirlərə əl atır, feyk məlumatları yayanları cinayət məsuliyyətinə cəlb edir və s. Avropa Komissiyası isə ümumavropa onlayn-patformasını yaratmaq haqqında düşünür. Həmin platformada hər bir feyk təkzib edilməli və insanlar bu haqda daha operativ məlumat almalıdır. Avropa Komissiyasının fikrincə, bu, saxta məlumatların geniş yayılmasının qarşısının daha tez alınmasına və yalanların ifşa olunmasına xidmət edə bilər. Amma məsələ burasındadır ki, feyk məlumatlar, şayiə və uydurmalarla mübarizə problemin kökü ilə deyil, səbəbləri ilə mübarizədir. Problemin kökü isə insanların hakimiyyətə və rəsmi məlumatlara qarşı inamsızlığı və  media savadlılığının aşağı səviyyədə olmasındadır. Dünyanın əksər ölkələrində hökumətlər məhz bu problemləri həll etməlidir - insanların inam və etimadını qazanmalıdırlar. Hökumətə, rəsmi mənbələrə inam yüksək olsa insanlar daha çox rəsmi məlumatları paylaşar, feyk xəbərlərə, şayiə və uydurmalara inanmaz. Təbii ki, saxta məlumatlar, şayiə və uydurmalar həmişə olub, var və olacaq, xüsusilə də sosial şəbəkələrin və messencerlərin geniş yayıldığı bir dövrdə. Amma inam və etimad atmosferası olandan sonra insanlar daha çox rəsmi məlumatlara inanacaq və feyk xəbərlərin ictimai rəyə təsiri o qədər də böyük olmayacaq.