Koronavirusun bundan sonrakı gedişi necə olacaq? - Həkim şərh edir

Koronavirusun bundan sonrakı gedişi necə olacaq? - Həkim şərh edir

24-11-2020 16:39 / Bu xəbər 1512 dəfə oxundu

ATU-nun kafedra müdiri: "Koronavirus infeksiyasının bundan sonrakı gedişinin necə olacağını demək çətindir"

"Əvvəl insanların böyük bir qrupu koronavirusa inanmırdı, qəbul etmək istəmirdi. Hazırda da az da olsa, belə insanlar var, amma əvvəlkindən fərqli olaraq onların əksəriyyəti artıq virusu qəbul edir. Yaxın çevrələrində, ətrafındakı insanlarda bu xəstəliyə yoluxanları görürlər deyə, artıq inanırlar”.

Bunu APA-ya Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyib.

O bildirib ki, bununla belə, sosial məsuliyyət, insanların davranışı hazırda da ideal deyil: "Çünki bu infeksiya ilə mübarizədə hamının həmrəy olub mübarizə aparması lazımdır. Çox təəssüf ki, hələ də elə insanlar var, maskadan düzgün istifadə etmir. Sadəcə, cərimələnməmək üçün, ancaq ağız boşluğuna, çənəsinin altına maska taxanlar var. Bu virusla mübarizədə hamı həmrəy olmasa, istədiyimizə nail ola bilmərik.

Əvvəl də payız dövründə yoluxma sayının artacağını gözləyirdik, çünki payızda havaların soyuması ilə bağlı tənəffüs, virus infeksiyalarına yoluxanların sayı artır. Həmçinin hava soyuduğu üçün insanlar daha çox qapalı məkanlarda, infeksiyanın yayılması üçün daha əlverişli mühitlərdə olurlar. Bu da digər tərəfdən virusun yayılmasına şərait yaradır”.

R. Bayramov bildirib ki, heç bir xəstəlik üçün mütləq patoqnomatik əlamət olmadığından həmin əlamətə görə bunun hansı xəstəlik olduğunu demək çətindir: "Koronavirus infeksiyasında da eynilə belədir. Sadəcə, bu müddət ərzində rastlaşdığımız və ən çox müşahidə etdiyimiz əlamət temperaturun yüksəlməsidir. Bəzi hallarda olur ki, xəstədə hətta bir gün 37.2, 37.3 temperatur olur, sonra düşür. Bu xəstələrdə bir müddət sonra halsızlıq, çox tərləmə, yanaşı olaraq iybilmə hissinin itməsi baş verir. Müayinə olunanda ağciyərlərdə dəyişiklik, "buzlu şüşə” görüntüsü meydana çıxır. Qeyd edim ki, koronavirus zamanı bu, stiqma yaradan bir simptom olsa da, həmişə olub. Biz illərlə ağciyərlərdə  "buzlu şüşə” görüntüsünü istər ürək çatışmazlığında durğunluqla yanaşı, istərsə vərəm mənşəli və ya qeyri-spesifik pnevmoniyalar zamanı görmüşük. COVID-19-da olan "buzlu şüşə” bir az fərqlidir, xarakterik görüntüsü var. Yəni artıq Kompüter Tomoqrafiya görüntüsünə baxan kimi düşünürük ki, böyük ehtimal bu, koronavirusdur. Bu da qabırğaaltı sahədən, yəni ağciyərin periferiyasından ağciyər kökünə doğru yönəlmiş kölgəlik formasında müşahidə olunan dəyişiklikdir”.

Həkim vurğulayıb ki, hazırda xəstəliyin gedişatı yüngül deyil: "Ağırlıq dərəcəsindən, gedişindən danışsaq, deyə bilərəm ki, indi xəstəlik o qədər də yüngül keçmir. İnfeksiyaların əksəriyyətində mutasiya gedir, sonra nisbətən zəifləyir. Hazırda bu, koronavirus infeksiyasında müşahidə olunmur. Çünki heç də yüngülləşməyib, xəstələr xəstəliyi yüngül keçirmir. Xəstələrin müraciət etməsi, gecikmiş formada aşkar olunmalar və s. yayda da var idi, indi də var. Deyərdim ki, bu kimi hallar indi daha çoxdur. Çünki insanlarımız sağlamlıqlarına qarşı bir az laqeyddir. İkinci tərəfdən də bir qorxu, fobiya var. Hətta bəzən xəstə özü müraciət edəndə deyir ki, həkim məndə koronavirus çıxsa, məni harasa aparmayacaqlar ki? Yəni belə bir qorxu tendensiyası var. Mən də onlara başa salıram ki, klinik vəziyyətiniz stasionar müalicəni tələb etsə, harasa aparılası olsanız da, sizi müalicəyə, sağaltmağa aparırlar”.

Mütəxəssisin sözlərinə görə, evdə müalicə xəstəliyi ağırlaşdıra bilir: "Hazırda venadaxili infuziyalardan istifadə bir növ dəb halını alıb. Bakıda və rayonlarda da hər kəs venadaxili infuziyaları adi, gündəlik müalicə sisteminə salıblar. Bu, qətiyyən lazım deyil. Öz-özünü müalicənin qətiyyən tərəfdarı deyiləm. Birinci, xəstəliyin diaqnozunu dəqiqləşdirmək lazımdır, ikinci onun ağırlıq dərəcəsini və yanaşı xəstəliklərin olub-olmaması bilinməlidir. Hər bir xəstəyə fərdi yanaşmaq lazımdır. Bəzən olur ki, heç xəstə deyil, eşidir ki, qonşusunda, tanışında, heç təmasda olmadığı adamda COVID aşkar olunub, başlayır özünə venadaxili infuziyalar (natrium-xlorid, ringer, deksametazon, B qrup vitaminlər) köçürtməyə. Bəzən xəstələrdən soruşuram ki, bunu niyə edirsiniz? Deyirlər ki, orqanizmi möhkəmləndirmək üçün elədim ki, yoluxmayım, xəstələnməyim. Onun yoluxma, xəstələnməyə heç bir aidiyyəti yoxdur. Ondansa sosial məsafəni gözləmək, mümkün qədər qapalı yerlərdə, insanların çox olduğu yerlədə olmamaq, maskadan istifadə etmək lazımdır.

Karantin qaydalarına ciddi əməl etmək daha vacibdir, nəinki sistem köçürmək. Əgər kiminsə şikayəti varsa, o halda poliklinikaya müraciət etməli, xəstəliyin diaqnozu dəqiqləşdirilməlidir. Əgər həmin şəxs koronavirusa yoluxubsa, onun vəziyyətinə uyğun olaraq, ehtiyac varsa, stasionara yerləşdirilməli, ehtiyac yoxdursa, izolyasiya olunub ev şəraitində  karantinə alınmalıdır”.

Həkim test üçün əsas göstərişlərdən danışıb. O bildirib ki, testin yoxlanılması üçün birinci şərt temperaturun qalxmasıdır: "Bu, əsas göstəricilərdən biridir. Birincisi, temperaturun olması, ikincisi, xəstəlik başlayanda bəzən diareya (mədə-bağırsaq pozuntusu), iy və dadbilmə hissinin itməsidir. Xəstəliyin başlanğıcında ilk mərhələlərdə yaxmanın informativliyi çoxdur. Bu da yoluxmadan sonrakı 5-7 gün ərzindədir və informativliyi 80 faizi ötmür. 5-7 gündən sonra KT daha informativdir, onun informativliyi isə 97-98 faizdir. Yeni yoluxanda infeksiya yuxarı tənəffüs orqanlarında olanda burun udlaqdan, ağız udlaqdan götürülən yaxmanın müayinəsi daha doğrudur. Amma bu o demək deyil, hamını KT etmək lazımdır. Hər kəsə fərdi yanaşmaq, xəstənin vəziyyətinə uyğun olaraq dəyərləndirmək lazımdır”.

R. Bayramov qeyd edib ki, təngnəfəslik müxtəlif səbəblərdən ola bilər: "Birincisi, təngnəfəslik psixoloji ola bilər. Bəzən xəstənin saturasiyasını, yəni qanın oksigenlə doyma dərəcəsini yoxlayıram, 98-99 olur, amma xəstə deyir boğuluram. Bu, təkcə, ağciyərlə bağlı olmur. Bu, həm nevroloji, həm də ürəklə bağlı ola bilər. Təngnəfəslik ağciyərin zədələnməsi görə də olur. Zədələnmə sahəsi nə qədər çox olarsa, o halda xəstələrdə boğulma hissi bir o qədər çox olar. Burada da fikirlər müxtəlifdir. Birinci ondan ibarətdir ki, ağciyərin çox sahəsi zədələnmiş olarsa, qazlar mübadiləsi pozulur, "buzlu şüşə” dediyimiz pnevmonit olan sahədə qazlar mübadiləsi pozulmuş olur. İkinci bir fikir də var ki, COVID-19-un, virusların təsiri əsasən qana, hemoqlobinədir. Virusun təsirindən hemoqlobin parçalanır. Nəticədə, dəmir ayrılır və hemoqlobinin oksigeni birləşdirib daşıma qabiliyyəti pozulur. Ona görə də qanda oksigenin miqdarı aşağı düşür, xəstələrdə boğulma hissi olur. Müayinədə xəstəliyin ağırlıq dərəcəsini yoxlamaq üçün təyin etdiyimiz ferritinin (dəmirin orqanizmdə toplandığı maddə-red.) müayinəsi zamanı onun artması COVID-in ağırlıq dərəcəsini göstərir. Ferritin bir növ koronavirusun indikatorudur, ağırlıq dərəcəsi ilə paraleldir”.

Kafedra müdiri qeyd edib ki, hazırda koronavirusa yoluxma səviyyəsi ilə bağlı dəqiq proqnoz demək çətindir: "Amma ümumi götürdükdə noyabrın sonu, dekabrın əvvəlinə yoluxmanın pikə çatacağını gözləyirdik. Mənə elə gəlir ki, yoluxmanın azalması, hazırkı dalğanın səngiməsi yaza doğru olacaq. Amma davamı necə olacaq, onu demək çox çətindir. Dünya alimlərinin son günlərdə apardığı tədqiqatları oxuyuram, araşdırıram. Məsələn, ingilislər bir tədqiqat aparıb, yaydan bu yana koronavirus infeksiyasının yüzlərlə mutasiyasını aşkar ediblər. Yəni yaydakı törədici ilə indiki başqa mutantdır, fərqli növüdür. Ona görə bundan sonrakı gedişi, necə olacağı, hansı xəstəliktörətmə qabiliyyətinə malik olacağını demək çətindir. Koronavirus bir növ dünyanın düzənini dəyişən infeksiya oldu. Bununla paralel yaşamağa öyrəşməli, uyğunlaşmalıyıq. Yəni, xəstəliyin nə vaxt bitəcəyini söyləmək çox çətindir. Virus nə vaxtsa mutasiya edib aradan qalxacaqsa, nə zaman kollektiv immunitet yaranacaqsa, həmin vaxt rahat ola biləcəyik ki, artıq qorxusu yoxdur”.

Həkim insanlarımıza sağlamlıq və səbr arzulayıb: "Düşünürəm ki, qısa zamanda bu çətinliyi dünya, ölkəmiz  olaraq minimum itkilərlə sona yetirmək üçün hər kəs həmrəy olub, bu gözəgörünməz düşmənlə mübarizədə bir nöqtəyə vurmalıdır. Yəni hamı mübarizədə iştirak etməlidir. Hamı karantin qaydalarına ciddi əməl edəcəksə, alacağımız nəticələr də bir o qədər yaxşı, yüksək olacaq”.