Koronavirusun yayılma sürətinə görə Türkiyə dünyada ikinci oldu

Koronavirusun yayılma sürətinə görə Türkiyə dünyada ikinci oldu

17-04-2020 22:40 / Bu xəbər 1153 dəfə oxundu

Türkiyə Səhiyyə Nazirliyinin aprelin 16-da verdiyi məlumata görə, ölkə Covid-19 yoluxma hallarının sayının artması sürətinə görə dünyada ikinci yerdədir. 

Son 24 saat ərzində Türkiyədə yeni 4.801 nəfərə koronavirus infeksiyası diaqnozu qoyulub. 

Bunu səhiyyə naziri Fahrettin Koca dünən gecə keçirdiyi gündəlik brifinqində söyləyib. Bu saya görə Türkiyə yalnız ABŞ-dan (5.603 nəfər) geri qalır.

Nazir sözlərinə görə, Covid-19 virusundan son gün ərzində 125 nəfər, ümumlikdə isə 1643 nəfər həyatını itirib. Sağalanların ümumi sayı isə 1415 nəfərə çatıb.

Bu həftənin əvvəlində nazir Koca, Türkiyədə infeksiyanın yayılma sürətinin sabitləşdiyini bildirib.

Bu arada, Türk Tibb Dərnəyinin (TTD) rəhbəri Sinan Adıyaman xəbərdarlıq edir ki, nazirliyin açıqlamalarından fərqli olaraq, koronavirusun yayılma miqyası hələ də bəlli deyil. Belə ki, tətbiq olunan diaqnostik testlər yalnız 55-60 faiz dəqiqliyə malikdir və bir çox xəstə Covid-19 virusunun əlamətləri ilə vəfat etsə də onlar koronavirusdan ölüm statistikasına düşməyib.

17 aprel səhər saatlarına olan məlumata görə Türkiyədə rəsmi olaraq 74193 nəfərdə koronavirus infeksiyası təsdiqlənib. İntensiv terapiya şöbələrində 1854 nəfərin müalicəsi davam etdirilir.  

Nizami