Korrupsiyada adı çəkilən deputat vəzifədə qalmalıdırmı?
03-02-2022 02:14 / Bu xəbər 1071 dəfə oxundu
Dövlət mətbuatı deputat Cavanşir Feyziyevə bağlı 10 milyonun ona qaytarılmasını tirajlayır.
Qərarda isə həmçinin 5.6 milyon funt sterlinq, yəni 13 milyon manatın müsadirəsindən də danışılır. Məhkəmə hesab edib ki, bu pul "Azərbaycanın pulyuyan maşını”ndan əldə olunan çirkli puldur, ölkədən qanunsuz yollarla çıxarılıb.
Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə deyib ki, deputatların mandatı iki halda əlindən alına bilər: ağır cinayətdə ittiham olunduqda və ya deputat etikasını pozduqda.
Baş Prokurorluğun mətbuat katibi Kənan Zeynalov Toplum TV-yə açıqlamasında deyib ki, məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.
Azərbaycan rəsmiləri adətən korrupsiya iddialarını rədd edir. Bəs vətəndaşlar adı pulları mənimsəməkdə hallanan şəxslərin vəzifədə qalması haqqında nə düşünür?
Deputat Cavanşir Feyziyev yerli mediaya açıqlamasında 20 ilə yaxın məşğul olduğu özəl biznesindən danışıb: "Bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq”.
"Azərbaycanın pulyuyan maşını” adlı araşdırma 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığını iddia edib. Bu vəsaitin bir qisminin avropalı deputatları ələ almaq üçün xərcləndiyi bildirilirdi.