Kremldən Bakı və Yerevanın NATO sammitinə çağırılmasına reaksiya

Kremldən Bakı və Yerevanın NATO sammitinə çağırılmasına reaksiya

03-07-2024 19:47 / Bu xəbər 761 dəfə oxundu

"ABŞ Moskvanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir”

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Andrey Nastasin Ermənistan və Azərbaycanın iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində iştiraka dəvət olunmasını şərh edib.

Nastasin deyib ki, Qərb bununla Moskvanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir.

"Bu, ABŞ-nin öz dağıdıcı təsirini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsidir. Vaşinqton Avropadakı zəif iradəli əlaltılarının qarşısına dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyur. Biz görürük ki, NATO üzvləri regional məsələlərə yanaşmalarını irəlilətmək üçün nə qədər israrla çalışırlar. Alyansın bu cür təşəbbüsü Balkanlar, Əfqanıstan, Liviya və İraqda dəfələrlə fəlakətli nəticələrə gətirib çıxarıb. Vaşinqtona dəvət təşkilatın yubiley ilində NATO-ya dəstəyi nümayiş etdirmək məqsədi daşıyır”, – Nastasin bildirib.

Diplomat əlavə edib ki, Birləşmiş Ştatlar və avropalı müttəfiqləri Ukraynada baş verənlərdən məmnun deyillər: "Onlar rus qoşunlarının bütün cəbhə xəttində irəliləməsinə təsir göstərə bilmədikləri üçün Rusiyanın tərəfdaşları ilə qarşılıqlı münasibətlərinin inkişafına mane olurlar. Bu, xüsusilə Ermənistanın timsalında aydın görünür. Bu ölkəni silahla doldurmaqla onun müdafiə sektorunu bərpa etməyə çalışır, KTMT daxilində mövcud mexanizmləri sıradan çıxarırlar. Eyni zamanda, NATO nümayəndələri Bakıya səfərlər edirlər. Bu, iki respublika arasında gərginliyi artırır, Ermənistan-Azərbaycan dialoquna töhfə vermir və regionda silahlanma yarışını təhrik edir”.

Cənubi Qafqaza gəlincə, Andrey Nastasin xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün Üçtərəfli Bəyannamə Bakı və Yerevan arasında normallaşma üçün universal əsas olaraq qalır: "Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərini tətbiq etmələri Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır. Bu da təkcə region üçün deyil, bütövlükdə Avrasiya təhlükəsizliyi üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, Bakı və Yerevan bunu yaxşı başa düşür”.

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.

Bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də Azərbaycanda səfərdə olarkən deyib.

Onun sözlərinə görə, tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək: "ABŞ Dövlət katibi Entoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir”.

Ermənistan artıq tədbirdə iştirakı ilə bağlı razılıq verib. Azərbaycan isə, hələlik, rəsmi cavab verməyib.

İyulun 2-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Bakıda NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini Stefan Fiks ilə görüşüb.

Kərim Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağını, səmərəli görüşlərin davam etdiriləcəyini deyib.