KTMT: “Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı var”

KTMT: “Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı var”

14-02-2024 18:30 / Bu xəbər 701 dəfə oxundu

Təşkilat sülh müqaviləsini vacib sayır

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, ona görə də vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi vacibdir".

Bunu fevralın 14-də KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov keçirdiyi brifinqdə bildirib.

Andrey Serdyukov vəziyyətin gərginləşməsinə görə başqa dövlətləri ittiham etsə də, ad çəkməyib: "Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var”.

"Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin potensialından fəal şəkildə istifadə edilir. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq”, – deyə general-polkovnik əlavə edib.

Andrey Serdyukov. Foto: Telegram

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə Yerevan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır: "Ermənistanın təşkilata üzv olsa da, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanma formatına təsir etməkdə davam edir”.

Bu gün Fransa, Almaniya və Polşa xarici işlər nazirləri də Veymar üçbucağı çərçivəsində keçirilən görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər və sənəddə Cənubi Qafqazdakı vəziyyətə də toxunulub.

"Biz Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına çağırırıq və Ermənistan və Azərbaycan arasında dialoqun təşviqi üçün Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının vasitəçilik səylərini dəstəkləyirik. Cənubi Qafqaz dövlətlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi təsdiqləyirik”, – deyə bəyanatda qeyd olunub.

Fevralın 13-də Dövlət Sərhəd Xidməti (DSX) "qisas əməliyyatı” keçirib.

DSX "qisas əməliyyatı”nı Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavab sayıb.

Əməliyyat nəticəsində Ermənistan ordusundan 4 nəfər həlak olub.