KTN-nin yarmarka fiaskosu: Qiymətlər niyə bahadır?

KTN-nin yarmarka fiaskosu: Qiymətlər niyə bahadır?

27-06-2021 11:57 / Bu xəbər 2319 dəfə oxundu

Kənd Təsərrüfatı Nazirliyi iyunun 26-27-də Bakı şəhəri və Abşeron rayonu ərazisində 3 fərqli ünvanda "Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək.

Məlumata görə, budəfəki yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək: "Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirəcək. Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər”.

Bildirilib ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək: "Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. "Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd Bakı və Abşeron sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır”.

"Kənddən şəhərə” yarmarkalarının keçiriləcəyi ünvanlar aşağıdakı kimidir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik” metro stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab” kinoteatrının yanı);
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Maraqlıdır, kənd təsərrüfatı yarmarkaları ucuzluq adı altında yaradılan süni görüntüdür? Ümumiyyətlə, yarmarkalar iqtisadiyyatımıza gəlir gətirirmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib: "Bakı şəhərində keçirilən kənd təsərrüfatı yarmarkaların mahiyyəti ondan ibarət olmalıdır ki, "tarladan-süfrəyə" konsepsiyası həyata keçirilsin. Yəni fermerlərin birbaşa öz məhsullarını tarladan Azərbaycan vətəndaşının süfrəsinə qədər çatdırmağa imkanı olsun. Əgər yarmarkalar belə prinsiplərlə hərəkət edəcəksə, bu zaman yarmarkaların keçirilməsinin müəyyən əhəmiyyəti olacaq. Yox, əgər fermərlərdən, öz məhsullarını istehsal edən insanlardan kimlərsə, məhsulları alıb gətirib həmin yarmarkalarda o məhsualları satırlarsa, yarmarkaların mahiyyəti itmiş olur. Ona görə də idea olaraq belə yarmarkaların keçirilməsi doğru ideadır. Sadəcə, onun həyata keçirilməsi üçün prinsiplər, sistem elə qurulmalıdır ki, fermerlər tarladan süfrəyə, vətəndaşa çatdırılacaq zəncirdə birbaşa özləri iştirak edə bilsinlər. Əgər elə bir zəncir yaradılacaqsa, bu yarmarkaların keçirilməsinin nəticəsi olacaq".