Kulebadan Kissencerə cavab: “Ukrayna güzəştə getməyəcək”

Kulebadan Kissencerə cavab: “Ukrayna güzəştə getməyəcək”

25-05-2022 17:47 / Bu xəbər 1481 dəfə oxundu

"Putini sakitləşdirmək strategiyası iflasa uğrayıb”

"Ukrayna Putinə güzəştə getməyəcək, çünki 2014-cü ildən tammiqyaslı işğalın başlanmasına qədər Rusiyanı sakitləşdirmək strategiyası artıq iflasa uğrayıb”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-nın sabiq dövlət katibi H.Kissencerin "Ukraynanın öz ərazilərinin bir hissəsini Rusiyaya verməsi” barədə bəyanatını şərh edərkən deyib.

Kuleba bildirib ki, ABŞ-ın keçmiş dövlət katibini görkəmli şəxsiyyət və dünyada gedən proseslərə öz baxışı olan təcrübəli siyasətçi hesab edir:

"Kissincer öz fikrini bildirib və onun sözləri Ukraynada böyük rezonans doğursa da, o, istədiyini ifadə edə bilər”.

"Ukraynanın Putini sakitləşdirmək üçün güzəştə getməli olduğuna inanan hər kəs üçün cavabım çox sadədir. Bu strategiya dünyanın aparıcı qüvvələri tərəfindən 2014-cü ildən 2022-ci il fevralın 24-dək istifadə olunub: burada təslim olun, orada güzəştə gedin, amma bütün bunlar uğursuz oldu. Bu strategiyaya 8 il riayət etmək Kiyevə raket hücumları və Donbasda qan tökülməsi ilə nəticələndi”, – deyə Kuleba vurğulayıb.

Onun fikrincə, siyasətçilər, həqiqətən də, müharibəni dayandırmaq istəyirlərsə, Ukraynanı dəstəkləməlidirlər: "Mən başa düşürəm ki, siyasətçilərin öz siyasətinin yanlışlığını və uğursuzluğunu etiraf etməsi çətindir. Amma mənim mesajım belədir: bu strategiya bir dəfə uğursuz oldu, yenə də uğursuz olacaq və müharibə bitməyəcək. Əgər, həqiqətən də, müharibənin dayandırılmasını istəyirsinizsə, Ukraynanı dəstəkləməli və bizə qalib gəlməyə kömək etməlisiniz”.

ABŞ-ın keçmiş dövlət katibi Henry A. Kissincer mayın 23-də Davos Forumunda Ukraynaya narazılıqla qarşılanan çağırış edib.

Diolomat bildirib ki, Ukrayna işğala son qoymaq üçün ərazilərini Rusiyaya verməlidir.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada utancverici məğlubiyyəti sabitliyin daha geniş arealda pozulmasına səbəb olacaq.

Keçmiş dövlət katibi bildirib ki, uzunmüddətli sabitliyin pozulmaması üçün Ukrayna Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmalıdır.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.(Meydan.TV)