Kundera ilə Havelin polemikası
13-07-2023 15:32 / Bu xəbər 1635 dəfə oxundu
Altay Göyüşov
20-ci əsrin ən məşhur yazıçılarından biri Milan Kundera vəfat edib. Bununla əlaqədar, mən sizə, qısaca olaraq, yenə də 20-ci əsrin ən məşhur intellektual polemikalarından biri haqqında yazmaq istəyirəm.
Bu polemika Milan Kundera ilə digər bir çex intellektualı və yazıçısı Vatslav Havel arasında 1968-ci ildə Çexolslovakiyada xalq üsyanının Sovet orduları tərəfindən yatırılmasından sonra baş verib.
Çox qısaca desək, Kundera yeni rejimlə konformizmə, Havel isə etiraza çağırış edir və bu iki şəxs arasında həm publisistik, həm də ədəbi yazılarında özünü büruzə vermiş uzun bir polemika yaşanır.
Yenə çox bəsit ifadə etsək, Kundera deyir ki, əvvəldən məğlub olacağını bildiyin mübarizəyə girişmək sadəcə bir nəfərin özünü qəhrəman kimi gözə soxmaq niyyətindən doğur. Hətta polemikasında o həddə gəlib çatır ki, müəyyən mənada 1968-ci il müdaxiləsindən sonra yaranmış rejimi belə yüngül də olsa, müdafiə edir. Hamını sakit olmağa çağırır, heç kimin fikrinə görə təqib olunmadığını bildirir, hətta bəlkə üsyanın yatırılmasından sonra yaranmış şəraitin daha yaxşı ola biləcəyini guman edir. Qısası, tale ilə barışmağa çağırır. Havel isə cavabında deyir ki, Kundera sadəcə abstrakt yanaşması və tarixi paralelləri ilə köləliklə barışmağa çağırır.
Bu polemika bu iki nəfərin ədəbi əsərlərində də davam edir.
Havel özünün 1978-ci ildə işıq üzü görmüş "Etiraz” əsərində Kunderanın kobud desək, "məğlubiyyəti qaçınılmaz olan mübarizədə iştiraka çağıranların məqsədi özlərini qəhərman kimi gözə soxmaqdır” tezisiniə belə bir süjetlə cavab verir:
Iki qəhrəman Stanek və Vanek arasında uzun-uzadı bir dialoq baş verir. Stanek dissident Vanekə həbs olunmuş bir pop müğənniyə (hansı ki, həm də Stanekin qızı ilə sevgi münasibətlərindədir) dəstək tələbi ilə petisiyaya imza yığmaqda kömək etmək üçün müraciət edir. Lakin görüşdə məlum olur ki, Vanek artıq belə bir petisiyanı özü hazırlayıb və xeyli dissidentə da imzalatdırıb. Həmçinin Vanek Stanekə də bu petisiyanı imzalamağı təklif edir. Stanek imza atmaq istəmir, bu zaman mənəvi passajlarla dolu uzun monoloq söyləyir, axırda da bu qərarını belə əsaslandırır ki, petisiyanı imzalamağından həbsdəki müğənniyə heç bir xeyir gəlməyəcək, amma bu sənədə imza atması ilə özünə cəsarətli adam, qəhrəman imici qazanacaq. Bu isə onun üçün mənəvi cəhətdən qəbuledilməz eqoistlikdir.
Havelin bu süjetinə Kundera özünün 1984-cü ildə çapdan çıxmış "Mövcudluğun dözülməz yüngüllüyü” əsərində cavab verib. Keçmişdə cərrah olan Tomas 1968-ci il üsyanının yatırılmasından sonra qurulmuş rejimin xoşuna gəlməyən məqalə yazdığı üçün işdən çıxarılıb və hazırda pəncərə yumaqla dolanır. Bir gün Tomasın öğlu bir keçmiş qəzet redkatoru ilə atasının yanına gələrək ondan siyasi məhbusların azadlığı tələbi ilə petisiya imzalamağı xahiş edirlər. Tomas qəti şəkildə etiraz edir ki, bunun heç bir əhəmiyyəti olmayacaq.
Kunderanın təbiri ilə, oğlu ilə redaktor Tomasa elə repressiv rejimə oxşar şəkildə psixoloji təzyiq göstərirlər ki, imzalasın. Lakin Tomas qayıdır ki, yoldaşımı, ailəmi sevdiyimə görə imza atmayacam. O, ümumiyyətlə, ailəsinə xələl gətirə biləcək heç bir addım atmır, bu onun prinsipidir. Tomas siyasi məhbusları xilas etmək gücündə deyil, amma siyasətə qarışmamaqla xanımı Terezanı xoşbəxt edə bilər.
Havel 1986-cı ildə verdiyi bir müsahibədə Kunderanın əsərindəki bu səhnəyə toxunur. Əsəri tərifləsə də, qeyd edir ki, haqqında danışılan petisiyanın siyasi məhbuslara çox xeyri dəyib. Əvvəla onlara çox böyük mənəvi dəstək olub, unudulmadıqlarını, diqqətdə olduqlarını göstərib, onları ruh düşkünlüyündən qurtarıb. Ən əsası isə, bu petisiya bir xeyli adamın rejimə qarşı cəsarətlənməsinə, öz haqlarının müdafiəsində aktiv olmasına səbəb olub.
Bu polemikanın sonrası isə budur ki, totalitar rejimlə konformizmə, yəni şəraitə uyğunlaşmağa, bir növ barışmağa çağıran Kundera sonda ölkədən mühacirət etdi, Fransaya köçdü. Havel isə həbslərdə yataraq, təqib-təzyiqlərə tab gətirərək, rejimin çökməsini gördü və demokratik Çexiyanın prezidenti oldu.
Açığı mən hesab edirəm ki, Kunderanın "Çexoslovakiya əbədi olaraq Rusiya əsarətindən qurtula bilməyəcək”, ona görə də 1968-ci ildən sonrakı rejimə uyğunlaşmalıyıq çağırışı hansısa intellektual axtarışlardan gəlinən nəticə deyildi. Sadəcə, konformizmi daha məqbul yol sayan ədibin öz möqveyini əsaslandırmaq üçün istifadə etdiyi intellektual akrobatika idi.
Yəni təbii ki, səhv olduğu əvvəldən bəlli və tarixin də sonradan sübut etdiyi bir tezis idi. Sadəcə konformizm yolunu tutanlar adətən intellektual akrobatlıqla məşğul olur və bu akrobatlıqla heç kimi olmasa da, özlərini haqlı olduğuna inandıra bilir, tarix onları səhv çıxardana qədər.