Kürdəxanı sakinləri: "Mehriban xanım tapşırıq verdi, AAYDA icra etmədi"

Kürdəxanı sakinləri:

13-08-2021 17:27 / Bu xəbər 1064 dəfə oxundu

"Sabuncu rayonu Kürdəxanı qəsəbəsi ACCOPEN-lə üzbəüz 5-10 min əhalinin məskunlaşdığı məhəllə yayda toz-torpaq, qışda isə palçıq və bataqlıq içində olur".

Bunu qəsəbənin sakinləri "Arqument.az"a deyiblər. 

Sakinlər deyirlər ki, uzun illərdir şikayətlərinə məhəl qoylmur. 

"Yağmurlu havalarda bataqlıq o həddə olur ki, sakinlər qaloş və sellofandan istifadə edirlər. Yaz  və yay aylarında isə toz-torpaqdan tərpənmək olmur. Məhz toz-torpaq olduğu üçün də qışda bura bataqlığa çevrilir. Dövlət qurumlarına müraciətlərimizə isə baxılmır", - Kürdəxanı sakimləri belə deyirlər.

Onların sözlərinə görə, məhəllədə antisanitariya da hökm sürür: "İndiyə qədər nə yol çəkilib, nə də kanalizasiya xətləri var. Qurum qalmayıb ki, müraciət etməyək. Amma faydası yoxdur. Unudublar bizi. 21-ci əsrdə paytaxtın bir qəsəbəsində asfalt yol yoxdur. Bilirsiniz bu nə deməkdir".

Sakinlər deyirlər ki, ötən il Birinci vitse-prezident Mehriban Əliyeva yolun təmir edilməsi barədə göstəriş verib, amma tapşırıq icra olunmayıb.

Onlar bu məsələdə yerli icra hakimiyyətini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) günahlandırırlar: "2020-də Mehriban xanım Kürdəxanıya səfəri zamanı tapşırıq verdi ki, Kürdəxanın bütün yaşayış məhəllələri asfaltlansın, amma AAYDA verilən tapşırıqı icra etmədi".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.