Kütlənin mühakiməsi

Kütlənin mühakiməsi

15-02-2022 13:53 / Bu xəbər 892 dəfə oxundu

Ənnağı Hacıbəyli

Mühakimə çoxmənalı sözdür. Ölçüləri olsa da, çox vaxt ona kimsə önəm vermir. Axı məqsəd vasitələrə haqq qazandırır. Hətta rəsmi mühakimə çərçivələri aşırsa, kütlənin mühakiməsi üçün onu dağıtmaq heç bir çətinliklə üzləşmir. 

Dövlət mühakiməsi, dinin mühakiməsi, siyasətçilərin mühakiməsi və nəhayət, kütlənin mühakiməsi - bütün bunları birləşdirən və ayıran nələrsə varmı?

Söhbət ölkəmizin dövlət mühakiməsindən gedirsə, o, əksər hallarda dövlətin yox, hakimiyyətin mühakiməsi kimi qəbul olunur. Çünki onu gerçəkləşdirənlər ancaq kağız üzərində - rəsmi yazılı qanunlarda müstəqildirlər. 

Hakimin həyata keçirdiyi mühakimənin sonucu olan qərar diktantla yazılırsa, bu, ədalət mühakiməsi deyil. Heç qanuni mühakimə də deyil. Müstəqil qərar qəbul eləmək imkanı olmayan hakim də hakim deyil, məmurdur. Hətta məmurun da ədalət törətmək imkanı var və onun sərhədləri imperativ qaydaları da aşa bilir. 

Hüquqda buna "diskresion" səlahiyyət deyilir. Məmur ondan yararlanaraq qanuna öz baxışı ilə təfsir verə, qanunu tətbiq edə bilər. Dövlətin hüquqiliyinin göstəricilərindən biri olan bu leqal imkandan yararlanma praktikası onun demokratikliyinin əyani göstəricisi ola bilir. Lakin müstəqil ola bilməyən hakim bu imkandan da məhrum edilib – onun müstəqilliyi məhkəmə sədrinin kabinetinə qədərdir. Sədr isə ötürücüdür...

Dinin mühakiməsi də çeşidli dönəmlərdə fərqli mahiyyət daşıyıb. İnkvizisiya, küfr, fanatizm, padşahın ilahiləşdirilməsi, nəhayət, din xadimlərinin siyasiləşməsi və dövlət məmurlarına çevrilməsi bu növ mühakimənin mahiyyətini dəyişib və xeyli dərəcədə aşındırıb. 

Dini dəyərlərin aşındırılması adi, normal əxlaqın dəyərlərinin qınanmasına, inkarına qədər düşürülüb. Dövlətlə dinin hakimiyyət uğrunda mübarizəsi birincinin xeyrinə yekunlaşsa da, mübarizə bitməyib. 

Dövlət hərdən dinə reveranslar etsə də, daim onu cilovda saxlamağa çalışır. Axı dinin mühakiməsində dövlətlə latent mübarizə sona çatmayıb. Məğlub, adətən, son nəfəsinədək revanş sevdasından əl çəkmir.

Siyasi mühakimə çoxsəviyyəli fəaliyyətdir. Siyasətçilər ondan çeşidli səviyyələrdə və çeşidli məqsədlərlə yararlanmağa çalışırlar. Təbii ki, burada başlıca məqsəd rəqib siyasi qüvvələri gözdən salmaqdır. Əyani olmaq üçün ən son hadisəni – akademik kapitulyasiyanı misal şəkmək olar. Bu hadisənin başlıca mahiyyəti hakimiyyətdaxili mübarizənin indiki etapda başa çatmasıdır. Hakim ailə tam və qəti qələbə qazanıb və artıq onun qarşısında heç bir real güc qalmayıb, nə siyasi (xarici), nə də daxili. 

Qəribə burasıdır ki, hakimiyyət qarşısında gücə çevrilməli olan qüvvələr bu hadisədən siyasi müxalifətin xeyrinə deyil, şəxsi cılız məqsədləri üçün yararlannmağa çalışırlar. 

"Avtobus müxalifəti” ayamasından cırnayan siyasətçilər avtobusdan düşmək əvəzinə rəqiblərini ad qoyma savaşına çəkmək istəyirlər. Akademikin ona məxsus olmayan ayamanı təkrar eləməsi nəhəng siyasi kəşf kimi müxalifətə qarşı "ifşa” təbliğatına çevrilib. Təbii ki, qarşı tərəf də susmur. Nəticədə qazanan avtobus sahibidir. 

Siyasi mühakimə ölkənin ənənəvi müvalifət siyasətinin yeni fazasına damğasını vurmaqdadır. Belədə siyasi mühakimə kütlənin mühakiməsi səviyyəsinə enir, bəlkə, ondan da aşağı yuvarlanır.

Tarixdən ibrət götürməyənlərə tarixin cavabı güzəştsiz və amansızdır. İllərlə koalisiya qurub-dağıdanların səhəri gün bir-birini xəyanətdə suçlamasına da tarixin cavabı dəyişməyib. Dəyişə də bilməz. Çünki hamı haqlıdır – xəyanətkarlar da, tarix də... 

Kütlənin mühakiməsi daha ölçüsüz və amansızdır. Amansızlıq məhz ölçüsüzlükdən doğur. Ölkədə ictimai rəyi və qınağı yenmiş, ona ikrahla baxan hakimiyyət ictimai rəyin ona münasibətini dəqiq bilir. Onu da bilir ki, bu rəyin dəyişmək ehtimalı qatı dumana bürünüb. 

44 günlük müharibə o dumanın çəkilməsi illüziyasını da dağıdıb. Bu illüziyanın dağılmasında müzəffər ali baş komandanın və onun gənc komandasının xidməti danılmazdır...

Kütlənin mühakiməsinin ölçüsüzlüyü həm də onun kütləviliyi ilə bağlıdır. Kütlə çaxsaylı mənafelərin daşıyıcısıdır. Onun tərkibində obıvateldən tutmuş səmimi sadə elektorata, simalı-simasız ziyalılara, müxalifət zəhmətkeşlərinə, ştreykbrexerlərədək hər sort adamlar var. Kimisi uğursuzluğunu, kimisi simasızlığını, kimisi haqlı-haqslz qəzəbini başqalarının faciəsində əritməyə, özünə haqq qazandırmağa, ambisiyalarını ödəməyə çalışır. 

Kütlə həmişə haqlıdır, həmişə suç keçisidir, həmişə qalib, həmişə məğlubdur. Onun mühakiməsi ona görə amansızdır ki, burada konkret məsuliyyət daşıyan kimsə yoxdur. 

Kütlə bilir ki, sonucda hamının günahı onun boynuna qoyulacaq. Ona görə də o, hər bir hadisədən qabaqlayıcı tədbir kimi yararlanmağa çalışır.

Kütləmiz xalq olanadək Allah amanında.