Lavrov: “Ermənistandakı Avropa İttifaqı missiyası NATO missiyasına çevrilib”

Lavrov: “Ermənistandakı Avropa İttifaqı missiyası NATO missiyasına çevrilib”

29-03-2024 13:14 / Bu xəbər 593 dəfə oxundu

"İndi Norveç, Kanada və ABŞ-dan ora hərbi personal göndərilir”

Yerevan-Moskva münasibətlərindəki gərginlik Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır.

Bunu martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya”ya müsahibəsində deyib.

"Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək, bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, – deyə Lavrov əlavə edib.

Diplomatın sözlərinə görə, Yerevanın bu siyasi kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən rusiyalı hərbçilərə, sərhədçilərə, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) "qara yaxmağa” yönəlib: "Yerevanda qeyd etmirlər ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib. 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub. Bu missiyanın mandatı 2021-ci ilin payızında Yerevanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb. Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib və Avropa İttifaqının  oxşar missiyasını ölkəyə çağırıb. Sonradan bu, ikiqat artırıldı və indi ora Norveç, Kanada və ABŞ-dan hərbi personal göndərilir ki, bu da Aİ missiyasını NATO missiyasına çevirib".

"Son bir neçə ilin bütün bu hekayəsi cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif edilib”, – deyə Lavrov fikrini yekunlaşdırıb.

Martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında demişdi ki, KTMT Yerevanın qaldırdığı suallara cavab verməsə, ölkəsi bu təşkilatdan çıxacaq: "Biz siyasi mövqeləri hüquqi proseslərlə qarışdırmamalıyıq. Bəli, biz KTMT-dəki fəaliyyətimizi praktiki olaraq dondurmuşuq. Bu o deməkdir ki, biz iclaslarda iştirak etmirik, nümayəndəmiz yoxdur. Bu qərar de-yuredir, yoxsa de-yure deyil? Sual yaranmırmı, niyə Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur? KTMT Ermənistanın dövriyyədə olan sənədləri ilə bağlı niyə münasibət bildirmir? KTMT-yə münasibətdə belə bir mövqe nə dərəcədə dürüst, ədalətli və mənəvi cəhətdən düzgündür? Bu suallara cavab vermək üçün deməliyik ki, bizim mövqeyimiz dəyişməyib”.

2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı "dondurulub”.

Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.