“Legat”: "Almaniyadan 31 azərbaycanlı deportasiya edilib"

“Legat”:

02-04-2021 00:54 / Bu xəbər 1876 dəfə oxundu

Deportasiya olunan şəxslər arasında siyası fəallardan heç kim olmayıb

Mart 31-də Almaniyada sığınacaq ala bilməyən 31 nəfər azərbaycanlı deportasiya edilib.

Bu barədə məlumatı "Legat” İntegrasiya Mərkəzi yayıb. Bildirib ki, deportasiya Almaniyadan Azərbaycana birbaşa, xüsusi çarter reysi ilə həyata keçirilib.

"Bu reyslə 31 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar Almaniyada qanunsuz yaşayanlardır və əksəriyyətini qaçqın statusu almaq üçün müraciət edib, rədd cavabı almışdı”.

Mərkəz bildirir ki, deportasiya edilən şəxslərin bəziləri son bir həftə ərzində deportasiya mərkəzlərində yerləşdirilmişdi. Deporasiya olunanlardan 7 nəfəri təyyarəyə qolu qandallı vəziyyətdə gətirilib: "Çarter reysi üçün ayrılan təyyarə martın 31-də Münhen Hava Limanından birbaşa Bakı şəhərinə uçub. Təyyarə əvvəcədən planlaşdırıldığından 2 saat gec, saat 18 radələrində eniş edib”.

"Legat” İnteqrasiya Mərkəzi bildirir ki, deportasiya olunan şəxslər arasında siyası fəallardan heç kim olmayıb: "Bakının Heydər Əliyev adına Hava Limanında Dövlət Miqrasiya Xidməti əməkdaşlarının qısamüddətli sorğusundan sonra deportasiya olunanlar sərbəst buraxılıb”.

Sosial şəbəkələrdə də bu deportasiya mövzusu xeyli müzakirə edilib. Bildirilir ki, deportasiya olunanlardan 14 nəfər bir ailənin üzvü olub.

Daha öncə də Almaniyadan Azərbaycana deportasiya edilənlər olmuşdu.

"Legat” İnteqrasiya Mərkəzinin daha öncə yaydığı bir informasiyada bildirilirdi ki, son illərdə 27 Azərbaycan vətəndaşı ölkəsinə deportasiya olunmamaq üçün kilsələrdən sığınacaq istəyib.

Mərkəz bildirirdi ki, 2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. 

Qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

"2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.

2018-ci il iyunun 18-də isə 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.