Ölən zabitin xanımı Müdafiə Nazirliyini məhkəməyə verdi

Ölən zabitin xanımı Müdafiə Nazirliyini  məhkəməyə verdi

11-06-2019 18:11 / Bu xəbər 1349 dəfə oxundu

2017-ci ildə dövlətə xəyanət ittihamı ilə işgəncələrə məruz qalmış zabitlərdən Səxavət Binnətovun xanımı Müdafiə Nazirliyini məhkəməyə verib.

Bu barədə xəbəri Turan İnformasiya Agentliyi yayıb.

Xavər Haqverdiyeva həyat yoldaşının günahsız öldürülməsinə görə Müdafiə Nazirliyindən 200 min manat təzminat tələb edir.

Onun sözlərinə görə, S.Binnətovu 2017-ci ilin mayında günahsız yerə tutub işgəncə ilə öldürüblər. 

"Onun ölümünün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə düşür. İki qızım və mən ailə başçısını itirmişik, köməksiz duruma düşmüşük. Uşaqlar hələ də keçirdikləri stressdən çıxa bilmirlər".

Ötən gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia üzrə hazırlıq iclası keçirilib.

Vəkil Vaqif Əliyev bildirib ki, S.Binnətovun "səhvən öldürülməsi" barədə məhkəmə qərarı var.

Hakimiyyət hələ də bu işin detallarını açmayıb. 

2017-ci ilin mayında "Tərtər işi" üzrə hərbçi və mülki şəxslərdən ibarət böyük bir qrup həbs edilmişdi. Onlar dövlətə xəyanətdə və erməni kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunurdu. Sonradan onların əksəriyyətinin günahsız olduğu tanınıb. Bir neçə nəfər isitintaq zamanı ölüb, bəziləri indiyədək həbsdədir.