Lend-Liz 2022: Bayden müəyyən risklərə getməli olacaq - Tomas Uorrikin şərhi

Lend-Liz 2022: Bayden müəyyən risklərə getməli olacaq  - Tomas Uorrikin şərhi

21-03-2022 23:29 / Bu xəbər 1228 dəfə oxundu

"Antlantic Council” analitik mərkəzinin əməkdaşı Tomas Uorrik "ABŞ Ukraynaya necə dəstək ola bilər" və "Rusiyanı necə məğlub etmək olar" sualına konkret cavab verib. 

Onun analitik məqaləsində Bayden adminstrasiyasının 1941-ci ildə qəbul edilən Lend-Liz Aktına (Land Lease Act) istinad etməli olduğu bildirilir. Məqaləni təqdim edirik:
____________________

ABŞ Ukraynaya necə dəstək ola bilər?
 
Tomas Uorrik
"Antlantic Council” analitik mərkəzin baş elmi əməkdaşı 


Polşanın MiQ-29 qırıcılarının ukraynalı pilotlara uğursuz göndərilməsi cəhdi ABŞ-ın Rusiya prezidenti Vladimir Putini dayandırmaq üçün müəyyən risklərə getməsinin vacibliyini göstərir. Ukraynanın daha çox hərbi yardıma ehtiyacı olduğundan 81 il əvvəl, 1941-ci il martın 11-də qəbul edilmiş Lend-Liz haqqında qanunun bərpa edilməsinin vaxtı çatıb.

QISA ARAYIŞ: 11 mart 1941-ci il tarixdə ABŞ prezidenti Franklin Delano Ruzvelt Konqres tərəfindən qəbul edilmiş "Birləşmiş Ştatların müdafiəsinin təmin olunması haqqında” Qanununu (Land Lease Act) imzaladı. Bu qanun prezidentə "müdafiəsini ABŞ üçün əhəmiyyətli” saydığı istənilən ölkəyə yardım etmək hüququ verirdi. Yardıma hərbi texnika, silah və sursat, ərzaq, strateji xammal, tibbi ləvazimatlar və dərmanlar daxil idi. Artıq martın 27-də lend-liz proqramı üçün 7 milyard dollar həcmində ilk vəsait ayrıldı. Lend-lizin aid edildiyi ilk ölkələr Böyük Britaniya və Çin oldu. 1941-ci il oktyabrın 1-də Moskvada SSRİ, ABŞ və Böyük Britaniya arasında imzalanan müqavilə ilə lend-liz şərtləri SSRİ-yə də şamil edilirdi. 

Birləşmiş Krallıq, Avropanı ələ keçirən Adolf Hitlerə qarşı təkbaşına mübarizə aparan zaman qeyd edilən hökumət proqramına əsasən, ABŞ prezidenti Franklin Ruzvelt ona hərbi texnikanı "icarəyə verirdi” və ya hərbi texnika ilə təmin edirdi. Və bu gün Konqres, ABŞ prezidenti Co Baydenin Ukraynanın özünümüdafiə üçün istifadə edə biləcəyinə inandığı istənilən qeyri-nüvə silahlarının "icarəyə verilməsinə” icazə vermək üçün gözlənilən ikipartiyalı S.3522 saylı qanun layihəsini dərhal qəbul etməlidir.

Sözsüz ki, MiQ-29 qırıcıları ukraynalılara çox lazımdır, lakin fevralın 24-də başlayan Rusiya işğalının sürətinə nəzər yetirsək, hazırki hücum tempi zəifləyib, buna səbəb isə Rusiyanın indiyədək hava üstünlüyünə tam yiyələnə bilməməsidir. Polşanın malik olduğu MiQ-29-lar say baxımından daha böyük olan Rusiya Hərbi Hava Qüvvələrini tamamilə məğlub etmək üçün kifayət etməyəcək, lakin Ukrayna nə qədər çox müqavimət göstərirsə, Kremldə Putini dəstəkləyənlər tərəfindən onu müharibəni dayandırmağa məcbur etməsi ehtimalı bir o qədər çoxalır (hazırda belə ehtimal çox aşağıdır).

Lakin polyaklar qırıcıları birbaşa Ukraynaya göndərmək istəmədilər, çox güman ki, onlar buna cavab olaraq Rusiyanın Polşa şəhərlərinə zərbə endirəcəyindən ehtiyat etdilər. Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən bu, bütün NATO üzvlərinə hücum kimi təsnif edilsə də, Varşava Polşaya hücuma görə Birləşmiş Ştatların genişmiqyaslı müharibəyə qoşulacağına tam əmin deyillər, keçmişdə olan hadisələr hələ yaddaşlardan silinməyib. 

Öz hərbi bazasından Ukraynaya qırıcıları göndərməməklə  Bayden, MiQ-29-un Ukraynaya verilməsini "Javelin” və "Stinger” raket sistemlərindən qat-qat riskli olduğunu bir növ etiraf etdi.

Bununla belə, Bayden Putinin planlarını pozmaq üçün bəzi risklərə getməli olacaq.

1940-cı ilin iyul ayında, "neytallığa" baxmayaraq Böyük Britaniyaya əlli köhnə esmines göndərməklə Franklin Ruzvelt təxminən eyni riskə getdi. 1941-ci ilin martında ABŞ Konqresi cüzi səs üstünlüyü ilə Lend-Liz haqqında Qanunun qəbul etdi. Bu qanun, Ruzveltə həm Fransanın nasist Almaniyası tərəfindən işğalı zamanı, həm də almanların Birləşmiş Krallığın həyati vacib dəniz konvoylarına qarşı aylarla apardığı sualtı müharibəsi nəticəsində Britaniya ordusunun verdiyi böyük itkiləri kompensasiya etməyə imkan verdi. 

Ruzveltdən nümunə götürərək, Lend-Liz proqramı Putinin hərbi təcavüzünə qarşı Ukraynanın nəyə ən çox ehtiyacı olduğuna və Qərbin nəyə sahib olduğuna xüsusi diqqət yetirməlidir. Sovet dövründən qalma və ukraynalıların əlində inanılmaz dərəcədə effektiv olduğu sübut olunann S-300 hava hücumundan müdafiə sistemlərindən üç NATO ölkəsi istifadə edir. Hər bir S-300 sistemi ən qısa zamanda Ukraynaya göndərilməlidir.

Alyansın Mərkəzi Avropa üzvlərinin şəhərləri üçün heç bir təyyarə və ya raket təhlükəsi yaranmasın deyə S-300 sistemlərinin əvəzi olaraq ABŞ ən son müdafiə vasitələrini NATO müttəfiqlərinə satmalıdır. Zenit-raket sistemləri və pilotsuz uçuş aparatları kimi yüksək texnoloji avadanlıqlarla yanaşı, "original” Lend-Liz-in "vizit kartı” hesab olunan tibbi ləvazimatlar, səhra hospitalları, mühafizə olunan taktiki radiostansiyalar, gecə görmə cihazları, yerli iqliminə uyğun hərbi geyimlər və ərazi müdafiə döyüşçüləri tərəfindən tez mənimsənilə bilən digər silahlar Ukraynaya göndərilməlidir. 

1941-ci il. Franklin Ruzvelt Lend-Liz Aktını imzalayır.
 
Putin işğalının qarşısını almaq və strateji qələbəyə nail olmaq üçün özündə hərbi əməliyyatlar və siyasi müharibəni əks etdirən Rusiyanın öz hibrid müharibə strategiyasının bir çox elementlərindən istifadə etmək lazımdır: kiberhücumlar, dezinformasiya və s. 

1941-ci ilin Lend-Lizinin 2022-ci ildə tətbiq olunması üç səbəbə görə siyasi müharibənin güclü simvoluna çevrilir:

Birincisi, bu, Rusiyanın Amerika xalqını parçalamaq cəhdlərinə cavabdır. Bu gün Birləşmiş Ştatlar daxilində nə qədər mübahisələr olsa da belə, Rusiya ilə müharibədə Ukraynaya kömək - Lend-Liz haqqında Qanun layihəsinə ikipartiyalı dəstək Ruzveltin 1941-ci ildəki dəstəyindən daha güclü olacaq. O vaxtlar müvafiq qanun layihəsi Nümayəndələr Palatasında 165 səs əleyhinə, 260 səs lehinə, Senatda isə 31 səs əleyhinə, 60 səs lehinə olmaqla qəbul edilib. Bu gün biz bu məsələdə daha böyük birlik görə bilərik.

İkincisi, Lend-Lizin bərpa edilməsi Ruzveltin 1940-cı ilin dekabrında dediyi məşhur -  ABŞ "demokratiyanın arsenalıdır" fikrini yenidən canlandırır. ABŞ-ın iqtisadi sanksiyalar təhlükəsi Putini dayandırmasa da, o, tarixi yaxşı bilir və bu səbəbdən də mümkün deyil ki, o, hücum etdiyi və ya təhdid etdiyi ölkələrə ABŞ yardımını artırdıqda nə baş verəcəyindən qorxmasın.
 
İroniya ondan ibarətdir ki,  1941-ci ilin dekabrında ABŞ İkinci Dünya Müharibəsinə qoşulduqdan sonra Sovet İttifaqı genişləndirilmiş Lend-Liz proqramının benefisiarına çevrildi və Qırmızı Ordunun milyonlarla rus və ukraynalı əsgəri məhz amerikan çəkmələrində qələbəyə doğru addımladı. ABŞ tərəfindən Avropanın müdafiəsi üçün maddi-texniki resurs axını olarsa, bu Putin üçün diqqətdən kənarda qala bilməyən ciddi siqnal olacaq.

Üçüncüsü və bəlkə də ən əsası, müttəfiqlərin nasist Almaniyasına qarşı mübarizəsinin simvollarına yenidən müraciəti Qərbin Hitlerdən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhlükəni ciddi qəbul etməkdə qərarlı olduğunu göstərir. Hitler və Putinin üzlərini birləşdirən kollajlar o qədər populyarlaşıb ki, onlar artıq açıq satışdadır. Bu isə insanlar arasında belə simvollara dəstəyin ifadəsidir. 

Ukraynaya hərbi yardım proqramını "Lend-Liz” adlandırmaqla Qərb Rusiyanın işğalına cavab verməkdə ciddi olduğunu göstərəcək. Ruzvelt tərəfindən 1940-cı ilin iyulunda Böyük Britaniyaya ilk əlli esminesin göndərilməsi nasist Almaniyasına qarşı mübarizədə qırılma nöqtəsi oldu. Lend-Lizin bərpası Putin tərəfdarlarının tarixə uduzmuş tərəf kimi düşəcəklərini düşünməyə ciddi əsas verəcək.