Lənkəran İcra Hakimiyyəti ADO-nun teatr təşəbbüsünə "yox" dedi

Lənkəran İcra Hakimiyyəti ADO-nun teatr təşəbbüsünə

06-02-2020 19:00 / Bu xəbər 704 dəfə oxundu

Fevralın 4-də 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputatlığa namizədliyini vermiş Xalid Bağırova dəstək məqsədilə Mamusta kəndindəki seçicilərə tamaşa göstərmək istəyən ADO teatrı maneələrlə üzləşib. 

Bu barədə teatrının bədii rəhbəri Elmin Bədəlov Toplum.Tv-yə bildirib.

Onun sözlərinə görə, Xalid Bağırov seçki təbliğatı çərçivəsində bölgədə tamaşa göstərilməsini istəyib: "Xalid Bağırovun dəvəti ilə Lənkərana getdik. O, seçki təbliğatı ilə əlaqədar istəyirdi ki, bölgədə yaşayanlar tamaşa görsün. Bu səbəbdən, bizim orada tamaşa nümayiş etdirməyimizi istəyirdi. Biz fevralın 3-də Namusta kəndinə getmişdik. Tamaşa üçün əraziyə baxdıq, yeri təyin etdik.

Səhəri gün tamaşanı oynamaq üçün getdiyimizdə isə Mamusta kənd İcra Nümayəndəliyindən bizə tamaşa göstərə bilməyəcəyimizi bildirdilər. Dedilər ki, əvvəlcədən razılaşdırılma olmalıdır. Kənd camaatı da tamaşanı həvəslə gözləyirdi, hətta tamaşaya baxmaq üçün yığışmışdılar. İcra nümayəndəliyinin əməkdaşları bizi Lənkəran İcra Hakimiyyətinə apardılar.

İcra hakimiyyətindən bizə dedilər ki, tamaşa üçün Prezident Administrasiyasına  rəsmi olaraq müraciət etməlisiniz. Prezident Adminstrasiyası müraciətə baxdıqdan sonra həmin məktub icra hakimiyyətinə, oradan da Mamusta Kənd İcra Nümayəndəliyinə göndərilməlidir. Nümayəndəlik bizə xəbər etdikdən sonra tamaşanı göstərə bilərik. Bu isə o deməkdir ki, tamaşa artıq seçki bitəndən sonraya təsadüf edəcək. Bir sözlə, bu sadəcə, süründürməçilikdir. İcra nümayəndəliyi bizim tamaşa göstərməyimizi istəmirdi deyə belə etdi ", - deyə Elmin Bədəlov qeyd edib.

Hüquqşünas Xalid Bağırov təbliğat-təşviqat dövründə ona qarşı təzyiqlər edildiyini bildirir. 

Müxtəlif kəndlərdə deputatlığa namizədin təşviqat aparılmasına maneə yaradılır. 

76 saylı Lənkəran-Astara seçki dairəsindən isə məsələyə münasibət bildirilmir.