Lənkəran RİH yenə təmir işləri aparacaq - 650 minlik tender udan şirkət kimindir?

Lənkəran RİH yenə təmir işləri aparacaq - 650 minlik tender udan şirkət kimindir?

23-12-2023 03:10 / Bu xəbər 1485 dəfə oxundu

Lənkəran İcra Hakimiyyəti Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Construction Business Group” MMC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 650 511,37 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Construction Business Group” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.

Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. O, bundan əvvəl "Akkord” şirkətində çalışıb. 


"Consturction Business Group” MMC-nin təsisçisi Elmir Babayevdir. Onun barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti cari ildə 10 tender keçirib. Tenderlərin əhəmiyyətli hissəsi yolların təmiri və abadlıq işləri ilə bağlı olub. 

Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi dəyəri 2 785 975,8 AZN təşkil edir. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. 

O, 2012-ci ildən Lənkərana rəhbərlik edir.